...

Misir Mərdanov: Məktəblərin birləşdirilməsi istənilən səviyyədə deyil

Cəmiyyət Materials 31 Oktyabr 2011 13:51 (UTC +04:00)
Azərbaycanda məktəb şəbəkəsinin rasionallaşdırılması (şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi) tədbirləri dayandırılmayıb.
Misir Mərdanov: Məktəblərin  birləşdirilməsi istənilən səviyyədə deyil

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir İ.İsabalayeva

Azərbaycanda məktəb şəbəkəsinin rasionallaşdırılması (şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi) tədbirləri dayandırılmayıb. Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi istənilən səviyyədə deyil. Buna baxmayaraq, hazırda belə tədbirlər davam etdirilir.

Mərdanov deyib ki, rasionallaşdırma ilə bağlı növbəti il ərzində hansı tədbirlərin keçiriləcəyi hələ bəlli deyil.

"Bütün bunların hamısı yeni hazırlanan 10 illik Təhsil Strategiyası ilə bağlıdır. Orada bütün məsələlər qeyd ediləcək. Strategiyanın bu günlərdə qəbul olunacağını gözləyirik", - nazir əlavə edib.

Mərdanov rasionallaşdırma tədbirlərinin birdən-birdə bütün ölkə üzrə həyata keçiriləcəyinə inanmadığını da qeyd edib.

Onun sözlərinə görə, rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi üçün Ucar, İsmayıllı rayonları və Şirvan şəhəri pilot ərazilər kimi seçilib. Mərdanov bildirib ki, rasionallaşdırma tədbirləri gələn il bu pilot şəhər və rayonlarda davam etdirilsə, yaxşı olar. Onun nəticələri qiymətləndirildikdən sonra isə bu prosesi davam etdirmək olar.

Təhsil naziri Misir Mərdanovun ötən il verdiyi açıqlamaya görə, ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var. Ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcuddur. Nazir belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti