...

Azərbaycanın xaricə təhsil almağa göndərdiyi tələbələr yeni istiqamətlər üzrə təhsil ala biləcəklər

Cəmiyyət Materials 5 Aprel 2012 17:36 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" çərçivəsində təhsil alanlar üçün müəyyənləşdirilmiş prioritetlərin sırasına yeniləri əlavə ediləcək.
Azərbaycanın xaricə təhsil almağa göndərdiyi tələbələr yeni istiqamətlər üzrə təhsil ala biləcəklər

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" çərçivəsində təhsil alanlar üçün müəyyənləşdirilmiş prioritetlərin sırasına yeniləri əlavə ediləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, bu prioritetlərin növbəti tədris ili üçün əlavə edilməsi nəzərdə tutulur. Yeni prioritet istiqamətlər nano texnologiyalar və qədim dillər üzrə olacaq.

"Qədim dillərin prioritetlər sırasına salınması Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində qədim mənbələrdən istifadə olunması ilə bağlıdır", - nazir müavini bildirib.

O, əlavə edib ki, qeyd edilən proqram çərçivəsində xaricə təhsil almağa göndərilən tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsini ləngitməmək üçün növbəti tədris ilində xüsusi proqram təminatı həyata keçiriləcək.

"Bu proqram təminatı ödənişlərin çatdırılması ilə bağlı bəzi prosedurların təxirə salınmasına imkan verəcək. Bu da tələbələrə ödənişlərin daha operativ şəkildə çatdırılmasına səbəb olacaq", - Novruzov qeyd edib.

Xəbər lenti

Xəbər lenti