Azərbaycan, Bakı, 5 may /Trend/
Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən, 11-i dövlət, 4-ü özəl olmaqla 15 ali məktəbin tələbə və magistrantı arasında cümə günü "Vergilər" mövzusunda 6-cı olimpiada keçirilib.
Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş olimpiadada ali məktəblərin 200-dən çox tələbə və magistrantı iştirak edib.
Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.
Tələbələr arasında I yerə Babək Quliyev, II yerə Nəsimi Yusifov, III yerə isə Tofiq Zeynalzadə (hər üçü Azərbaycan Universiteti) layiq görülüblər.
Azərbaycan Universitetinin müəllimi Tofiq Hümbətov tələbəsi I yer tutduğuna görə xüsusi mükafata layiq görülüb.
Magistrantlar arasında I yeri Nurlan Nəcəfov, II yeri Şahin Musabəyov, III yeri isə Emin Mancanov (hər üçü Azərbaycan Dövlət İqtisad Universiteti) tutub.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Ramiz Məhərrəmov magistrantı I yer tutduğuna görə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, olimpiadada Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Sumqayıt Dövlət, Naxçıvan Dövlət, Aqrar, Lənkəran Dövlət, Gəncə Dövlət, Gəncə Texnologiya, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan, Qərb, Bakı Biznes və Qafqaz universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası və Kooperasiya İnstitutunun tələbə və magistrantları iştirak ediblər.