...

Ağsuda Şirvan xanlığına aid anbar-buzxana və dəfinələr aşkarlanıb

Cəmiyyət Materials 12 Sentyabr 2012 12:00 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası apardıqları tədqiqatlar zamanı Şirvan xanlığına aid anbar-buzxana və dəfinələr aşkarlayıb.
Ağsuda Şirvan xanlığına aid anbar-buzxana və dəfinələr aşkarlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası apardıqları tədqiqatlar zamanı Şirvan xanlığına aid anbar-buzxana və dəfinələr aşkarlayıb.

Ekspedisiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, Orta əsr Ağsu şəhər yerində arxeoloji tədqiqatlar əsasən şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə aparılıb.

Qeyd olunan ərazidə uzunluğu 34,6, eni 11,7, dərinliyi 7,1, divarlarının qalınlığı 1,9 metr və ümumi sahəsi 243,3 kvadrat metr olan nəhəng tikinti aşkarlanıb. Tikintinin içərisi bütünlüklə bişmiş kərpiclə döşənib. Bunun üçün 4318 ədəd kərpic işlənib.

Tikintinin içərisi təmizlənərkən oradan üstdən düşmüş bir cüt dəyirman daşı, misdən hazırlanmış müxtəlif ölçülü qazan, vaz, dövrə və su qabları, qurğuşun güllə nümunələri, güllə istehsalı üçün istifadə olunan qəlib, misdən asma möhür, pasta, muncuqlar, müxtəlif təyinatlı digər məişət əşyaları, habelə xarici ölkələrdən gətirilmiş şüşə və çini qablara aid fraqmentlər tapılıb. Oradan, həmçinin çoxlu sayda sikkə nümunələri, o cümlədən bir ədəd Holland dukatlarından ibarət qızıl, bir ədəd isə gümüş sikkələrdən ibarət dəfinə aşkar edilib. Gümüş pullardan ibarət dəfinədə 25 ədəd, qızıl pullardan ibarət dəfinədə isə 37 ədəd sikkə aşkarlanıb.

Tapıntıların müqayisəli təhlili əsasında aşkar olunan tikilinin XVIII əsrin ortalarında inşa olunduğu və paytaxtı Ağsu olan Şirvan xanlığına aid mərkəzi anbar-buzxana olduğu təxmin edilir. Bu tip binalarda adətən şəhərin ehtiyat ərzaq fondu, xüsusən də xan və xan ailəsinə aid ortaq və digər məhsullar saxlanılırdı.

Ekspedisiyanın məlumatında qeyd edilir ki, xarici qüvvələrin, xüsusən də rusların təzyiqinin artması ilə əlaqədar Mustafa xan XVIII əsrin sonlarına doğru xanlığın mərkəzini tədricən Fit dağına köçürmək barədə düşünürmüş. Bu məqsədlə də o, Ağsudakı bir sıra mühüm obyektləri Fit dağının ətəklərinə köçürür. Elə həmin vaxt Sulut yaxınlığında yeni bir "buzxana" tikilir. Beləliklə də Ağsudakı anbar-buzxana istifadəsiz qalır və bir müddət sonra xarici qüvvələr tərəfindən dağıdılır.

Xəbər lenti

Xəbər lenti