Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun yenidən qurulması davam edir.
Trend "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən bu yolun uzunluğu 59 km-dir. 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb.
2 texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq 54 km hissədə torpaq yatağının, 40 km-də isə əsasın tikintisi yekunlaşıb. Hazırda süni qurğularla yanaşı, digər sahələrdə yolun əsası tikilir.
Layihə çərçivəsində 5-ci km-də Acıdərəçay, 17-ci km-də Kür çayı üzərindəki körpülər də əsaslı təmir olunacaq.