...

Bakıda ümumi tullantıların 65-70 faizi nəqliyyat vasitələrinin payına düşür

Cəmiyyət Materials 6 Dekabr 2012 16:04 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ətraf mühitə atılan tullantıların miqdarının ən çox hansı mənbələrin payına düşdüyü barədə məlumat verib.
Bakıda ümumi tullantıların 65-70 faizi nəqliyyat vasitələrinin payına düşür

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ətraf mühitə atılan tullantıların miqdarının ən çox hansı mənbələrin payına düşdüyü barədə məlumat verib.

Nazirliyin Ətraf mühit üzrə mili monitorinq departamentinin direktor müavini Mətanət Avazova cümə axşamı Trend-ə deyib ki, tullnatıların ətraf mühitə daha çox təsiri əhalinin sıx məskunlaşdığı, sənaye müəssisələrinin fəaliyyət göstərdiyi şəhərlərin payına düşür. Buna görə də atmosfer havasının mühafizəsi üçün artıq 40 ilə yaxındır ki, bu istiqamətdə ölkə üzrə monitorinq şəbəkəsi (Bakı, Sumqayıt, Mingəcevir, Şirvan, Gəncədə, Lənkəran, Şəkidə, Naxçıvan şəhərlərində) fəaliyyət göstərir.

Avazovanın dediyinə görə, 2000-ci ildə Bakıda 100 min avtomobil vardısa, 2012-ci ildə qeyri-rəsmi hesablamara əsasən, onların sayı 1 milyona yaxındır. 2000-ci ildə ətraf mühitə atılan tullantıların 70 faizi sənayenin payına düşürdüsə, hazırda ümumi tullantıların 65-70 faizi nəqliyyat vasitələrinin, qalan 30-35 faizi isə stasionar mənbələrin payına düşür.

Nazirlik rəsmisinin sözlərinə görə, ətraf mühitə atılan tullantıların payında nəqliyyat vasitələrindən buraxılan tullantıların miqdarı çoxluq təşkil edir. Bakı şəhərinin ərazisi böyük olduğundan və əhalinin, eləcə də fəaliyyət göstərən müəsissələrin sayı çox olduğuna görə təbii ki, burada tullantıların miqdarı da digər şəhərlərdən daha çoxdur.

Departamentin direktor müavini deyib ki, monitorinq nəticələrinə əsasən, Bakıda havanın keyfiyyəti qənaətbəxşdir. Lakin ayrı-ayrı günlərdə, əsasən də havanın küləksiz, isti və rütubətli olduğu günlərdə avtomobillərin intensiv hərəkət etdiyi ərazilərdə sırf nəqliyyat tullantısı olan qazların miqdarı sanitar norma həddindən yuxarı olur və lokal xarakter daşıyır. Sumqayıt şəhərində də anoloji vəziyyət qeydə alınır.

Avazovanın sözlərinə görə, Bakıdan sonra avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarının çoxluğuna görə Gəncə gəlir. Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Naxçıvan şəhərlərində isə bu tullantıların miqdarı azlıq təşkil edir. Monitorinq nəticələrinə əsasən, həmin şəhərlərin atmosfer havasının çirklənmə səviyyəsi sanitar normanın aşağı həddində qeydə alınır.

Departamentin direktor müavini deyib ki, tullantıların ətraf mühitə atılmasının qarşısını tam almaq mümkün deyil. Ancaq tullantıların miqdarının minumuma endirilməsi üçün tədbirlər görülür. Ölkədə 2010-cu ildən başlayaraq EVRO-2 standartı tətbiq edilir, işlənmiş və köhnə markalı maşınların gətirilməsinə qadağalar qoyulub.

Görülən tədbirlərin ətraf mühitə hansı formada təsir göstərdiyinə gəldikdə, Avazova deyib ki, hələlik monitorinq nəticələrində nəqliyyat vasitələrindən ətraf mühitə atılan tullantıların azaldığı gözəçarpacaq dərəcdə hiss edilmir.

"Bunun üçün hələ uzun vaxt lazımdır. Heç olmasa, 5 ilin göstəricilərini əldə etmək lazımdır ki, biz onları müqayisə edə bilək. Belə desək. əgər əlverişsiz meteoroloji şəraitdə karbon qazının toplanması intensivləşirsə, küləkli günlərdə səpələnərək minimuma enməsi müşahidə edilir. Ancaq bu trend günə görə deyil, ilə görə müəyyənləşməlidir", - Avazova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti