...

Azərbaycanda korrupsiyaya görə 51 polis işçisi xidmətdən xaric edilib

Cəmiyyət Materials 28 Yanvar 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Ötən il Azərbaycanda daxili işlər orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı 51 əməkdaş xidmətdən xaric edilib. Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən verdiyi xəbərə görə, bunu 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir bildirib ki, 2012-ci ildə daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb, nəticədə polis əməkdaşlarından şikayətlərin sayı 26 faiz azalıb. Korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan 51-i xidmətdən xaric edilib, 24-ü tutduğu vəzifədən azad olunub, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilib.

Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 25 şəhər və rayon üzrə yüzlərlə vətəndaş qəbul olunub, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilib.

Hesabat ilində vətəndaşlardan nazirliyə 37 819, o cümlədən elektron poçt ünvanına 7803 müraciət daxil olub. Hesabat dövründə şikayətlərin sayı 2011-ci illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26 faiz, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19 faiz, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.

İnsan hüquq və azadlıqlarının qorunması işinə ötən il də böyük tələbkarlıqla yanaşılıb. Nəticədə respublika üzrə insan hüquq və azadlıqlarının pozulması hallarının sayı 2011-ci illə müqayisədə əsasən sabit qalıb, paytaxtda isə 33,6 faiz azalıb. Eyni zamanda, əsassız saxlamalar 19 faiz, əsassız gətirmələr 16 faiz az olub, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti