...

Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanların sayı artıb

Cəmiyyət Materials 29 Yanvar 2013 14:39 (UTC +04:00)
Ötən il Azərbaycanda insanlar arasında kimyəvi zəhərlənmə halları nisbətən artıb.
Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanların sayı artıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycanda insanlar arasında kimyəvi zəhərlənmə halları nisbətən artıb.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev çərşənbə axşamı Trend-ə deyib ki, ötən il kimyəvi zəhərlənməyə məruz qalmış 2691 xəstə KTM-ə daxil olub. Bu gösrəici 2011-ci illə müqayisədə təxminən 150-160 nəfər çoxdur.

Kimyəvi zəhərlənmələr arasında say çoxluğuna görə ilk yerdə dərmandan zəhərlənmələr durur. Ötən il dərmanlardan zəhərlənmiş 971 nəfər KTM-ə daxil olub.

Bu sırada ikinci yerdə dəm qazından zəhərlənmə halları gəlir. Ötən il mərkəzə dəm qazından zəhərlənmiş 567 xəstə daxil olub.

Zəhərlənmələrin sayına görə üçüncü yerdə isə yandırıcı məhlullardan zəhərlənmələr durur. Ötən il belə xəstələrin sayı 263 nəfər olub.

Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 434-ü uşaqlar olub ki, bu da bütün xəstələrin 16,1 faizidir. Uşaqlar arasında da ən cox zəhərlənmələr dərmanlardan (181 xəstə və ya 41,7 faiz) baş verib.

Əfəndiyev deyib ki, yandırıcı məhlullardan, xüsusilə sirkə turşusundan baş vermiş zəhərlənmələrdən ölüm halları daha çox qeydə alınır. Ötən il kimyəvi zəhərlənməyə məruz qalmış 50 insan xəstəxanada dünyasını dəyişib. Onların əksəriyyəti qatı turşu, xüsusilə sirkə turşusudan zəhərlənərək ölüb. Ötən il xəstəxanada dəm qazından zəhərlənməyə görə yalnız 1 nəfər dünyasını dəyişib.

Əfəndiyev bildirib ki, zəhərlənənlər arasında qadınlar çoxluq təşkil edir. Ötən il zəhərlənənlərin 1618 nəfəri qadınlar, 1073 nəfəri kişilər olub. Zəhərlənənlərin çoxu 20-29 yaşlı insanlar olur. Ötən il KTM-ə daxil olmuş 2691 xəstənin 1122-də özünəqəsd xarakterli zəhərlənmə qeydə alınıb. Özünəqəsd xarakterli zəhərlənmələr daha çox məişət münaqişələri nəticəsində baş verib.

Toksikoloqun sözlərinə görə, xəstələrin məlumatlarından aydın olub ki, uşaqlar valideynləri ilə, qadınlar ya həyat yoldaşları, ya da qayınana ilə konfliktləri yarandıqda, kişilər isə maliyyə, işsizlik problemləri ilə üzləşdikdə, kiməsə böyük məbləğdə borclu olquda özlərini zəhərləmək yolunu seçirlər.

Əfəndiyevin sözlərinə görə, ümumən dərman zəhərlənmələrinin sayının artmasının səbəbi ilk növbədə əhalinin sayının artması ilə izah edilir.

Onun fikrincə, zəhərlənmə hallarının əksəriyyətinin dərmanlardan baş verməsi onların keyfiyyətsiz olması ilə izah edilə bilməz. İnsanların dərmanları dozadan artıq qəbul etməsi, onları özünəqəsd məqsədilə içmələri zəhərlənmələrə gətirib çıxarır. Uşaqlar isə valideynlərin nəzarətindən kənarda qaldıqda dərmanlardan içərək zəhərlənirlər.

Toksikoloq deyib ki, dərmanlardan ən çox zəhərlənmələr sedativ tərkibli, yuxugətirici, qıcolma əleyhinə və qeyri-narkotik ağrıkəsici dərmanlardan baş verir. Ona görə də bu dərmanlardan istifadə edərkən olduqca ehtiyatlı olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti