Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edən 3 gənc barəsində həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, məhkəmənin qərarı ilə 992-ci il təvəllüdlü Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlu haqqında 2 ay müddətinə, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlu və 1995-ci il təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, son dövrlər radikal yönümlü bəzi destruktiv qüvvələr tərəfindən ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş qanunazidd cəhdlər göstərilir.
Belə ki, martın 10-a paytaxtda qeyri-qanuni keçirilməsi planlaşdırılan kütləvi aksiyalarda iştirakları nəzərdə tutulmaqla həmin aksiyada iştirak edəcək insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək 3 şəxs barəsində respublikanın hüquq mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəmə qərarları əsasında araşdırılmışdır.
Həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana, 1995-ci il təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd "Molotov kokteyli", 94.0 min manat məbləğində pul vəsaiti, 252,27 qram həşiş qətranı və 1992-ci il təvəllüdlü Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində "təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan" sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülmüşdür.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.
Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar.
İlkin istintaqla müəyyən edilmişdir ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə "Nida" Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş "Molotov kokteyli" adlanan tez alışan maye onlar tərəfindən hazırlanmışdır.