Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/
Novruz bayramı ilə əlaqədar yaranan sərnişin sıxlığını aradan qaldırmaq üçün "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Naxçıvan-Bakı istimaqətində reysləri artırıb.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli cümə günü Trend-ə bildirib ki, sərnişin sıxlığı ilə əlaqədar bu gün Bakı-Naxçıvan-Bakı istiqamətində əlavə iki reys artırılacaq. Martın 14-də isə bu istiqamətdə bir reys artırılıb.
Səfərlinin sözlərinə görə, AZAL-ın təyyarələri ilə Bakıdan gündəlik bütün istiqamətlərə üç min sərnişin uçursa, bunların mini Bakı-Naxçıvan-Bakı reysinin payına düşür.
Qeyd edək ki, cədvəl üzrə Bakı-Naxçıvan-Bakı istiqamətində gündə 4 reys həyata keçirilir.
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar martın 20-26-sı qeyri-iş günləri elan edilib.