Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/
"Taksi fəaliyyəti ilə bağlı artıq müəyyən ciddi ölçülər götürmək lazımdır. Dəfələrlə qayda pozuntusuna yol verən sürücülərin lisenziyası əlindən alınmalıdır ki, onlar taksi fəaliyyəti ilə məşğul olmasınlar. Çünki onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, tutduqları əməldən əl çəkmirlər".
Bu barədə Trend-ə son zamanlar taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avobus dayanacaqlarını zəbt etməsi faktlarının artması ilə bağlı məsələyə münasibət bildirirkən Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Şöbə rəisinin sözlərinə görə, avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən zəbt edilməsi üzündən avtobuslar yollarda 2-3 cərgəli növbələr yaradırlar ki, bu da nəqliyyat vasitələrinin hərəkətinə ciddi mane olur və yollarda süni tıxacların əmələ gəlməsinə səbəb olur. Bəzən isə avtobuslar tıxacı dəf etmək üçün yolun əks istiqamətli hərəkət zolağına çıxırlar ki, bu da qəza şəraiti yaradır.
Əliyev qeyd edib ki, taksil sürücülərinin çoxunun müvafiq sənədi olmadığından onlar üçün ayrılmış ayrıca dayanacaqlarda dayanmırlar. Ona görə də avtomobillərini avtobus dayanacaqlarında və ya başqa yerlərdə saxlayırlar, bununla da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar.
Əliyev qeyd edib ki, dayanma, durma, parklanma qaydalarının pozulması ilə bağlı əgər sahibi nəqliyyat vasitəsinin yanında yoxdursa, avtomobil evakuatorla daşınır. Bu mümkün olmadıqda isə yol patrul xidməti müfəttişi tərəfindən onun fotoşəkli çəkilir və elektron protokol tərtib olunur. Protokolun bir nüsxəsi həmin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur, digər nüsxəsi isə nəqliyyat vasitəsini idarə edən şəxsin yaşadığı ünvana göndərilir. Beləliklə də, həmin sürücü məsuliyyətə cəlb olunur.
"Mənə belə gəlir ki, taksi fəaliyyəti ilə bağlı da tədricən qayda-qanun yaradılacaq. Paytaxta yeni taksilər gətirildikcə, müəyyən müsbət dəyişiklər baş verir. Məsələn, heç görmüsüzmü, London taksiləri ya avtobus dayanacaqlarında və ya şadlıq evlərinin qarşısında dayansınlar? Onlar normal şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğuldurlar. Buna əsasən fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sürücülər yol verirlər. Xarici ölkələrdə taksinin nəinki avtobus dayanacağının yanında, heç yolun kənarında da dayandığını görə bilməzsiniz. Onların şəhərin müxtəlif yerlərində ayrıca öz dayanacaqları olur. Qalanları da yalnız çağırışla işləyirlər. Vətəndaş telefonla sifariş edir və taksi gəlib onu olduğu ünvandan götürüb aparır. Artıq Azərbaycanda da taksi xidmətində sifarişlərin istifadəsinə başlanılıb", - Əliyev qeyd edib.
Nəqliyyat Nazirliyinin taksı fəaliyyti ilə məşğul olan avtomobillərin vahid rəng sisteminin olmasına da diqqət yetirməsi önəm daşıyır.
"Vətəndaş bilmir ki, avtomobillərin hansı taksidir. Biri "şahmat"ı qoyur taksinin damına, bir də görürsən ki, getdiyi yerdə əl atıb çıxarır. Bizə bununla bağlı bir xeyli şikayət daxil olub. Məsələn, qadınlar üzərində taksi nişanı olan avtomobilə əyləşir, getdiyi yerdə sürücü əlini ataraq "şahmatı" götürür. Qadınlar da şikayət edir ki, kənardan baxanlar onlar haqqında pis düşünür və deyirlər ki, bu kimdir ki, bu qadınlar onun avtomobilində gəzir. Amma normal sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus avtomobillər işləsə, həm qayda-qanun olar, həm kim harda gəldi saxlamaz", - şöbə rəisi vurğulayıb.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, ardıcıl olaraq 3 gün ərzində adı çəkilən qurumdan sorğumuzu cavablandıran olmadı.
Qeyd edək ki, 2013-cü ilin əvvəlindən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən reydlər zamanı avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən zəbt edilməsi ilə bağlı 500-dən artıq fakt aşkar edilərək onlar barəsində müvafiq inzibati tədbirlər görülüb. Təkcə son həftə ərzində 62 sürücüyə eyni xətanı təkrarən törətdiklərinə görə inzibati protokol tərtib edilib. Həmin sürücülərin arasında elələri də var ki, artıq dəfələrlə inzibati məsuliyyətə cəlb ediliblər.