...

Azərbaycanda Amnistiya Aktı ilkin mərhələdə 2500-dən çox məhkuma şamil ediləcək

Cəmiyyət Materials 21 May 2013 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 17-18 min məhkum cəza çəkir. Azərbaycanda qəbul edilən Amnistiya Aktının isə ilkin mərhələdə təxminən 2500-2800 nəfər məhkuma şamil olunacağı gözlənilir. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov bildirib.

Ramazanovun sözlərinə görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində ümumilikdə nə qədər məhkumun azad olunması onların yüngülləşdirici hallara dair təqdim edəcəkləri sənədlərdən, həkim, prokuror rəylərindən və məhkəmə qərarlarından asılıdır.

Ümumilikdə isə amnistiya qərarı 9 min nəfərdən çox insanı əhatə edəcək. Belə ki, qərar məhkum olunub islah işlərinə cəlb edilənlərə, şərti məhkum olunanlara, məhkumluğu təxirə salınanlara, cərimə cəzasına məhkum olunmuşlara da tətbiq olunur.

Ramazanov əlavə edib ki, amnistiya, ilk növbədə, ağır cinayət törətməyən və müəyyən imtiyazı olanlara - qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış yeniyetmələrə, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə, öhdəsində yetkinlik yaşına çatmamış övladı olanlara, 1-ci və 2-ci qrup əlil övladı olan kişilərə, İkinci Dünya Müharibəsi dövründə faşızmə qarşı döyüşlərdə iştirak etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşmuş, Azərbaycan SSR və keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş, həmin dövrdə repressiyaya məruz qalmış və s. şəxslərə şamil ediləcək.

Amnistiyanın məhkumlar arasında məcburi müalicəyə cəlb edilmiş şəxslərə şamil edilməsinə gəlincə, şöbə rəisi bildirib ki, həmin şəxslərin əksəriyyəti Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum ediliblər ki, bu da ağır yox, yüngül cinayət hesab edildiyindən qərar onlara da şamil edilir: "Onlar cəza çəkərkən də müalicə olunurlar. Məcburi müalicədən keçdikdən sonra rayon məhkəməsi tərəfindən qərar qəbul olunmalıdır ki, onların müalicəsi bitib. Narkotik maddə asılılığı olan həmin şəxslərin üzərindən məcburi müalicə götürüləndən sonra amnistiya onlara da şamil olunacaq. Amnistiya Aktının icrası üçün 4 ay vaxt verilməsinə baxmayaraq, onlar üçün bu müddət 6 ayadək davam edə bilər".

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə 9 Amnistiya Aktı qəbul olunub və 90 mindən artıq şəxsə şamil edilib. Bu, sayca 10-cu aktdır. Bu qərarın icrası tam başa çatdıqdan sonra amnistiyanın şamil olunduğu insanların sayı 100 min nəfəri ötəcək. Bu günədək azadlığa buraxılan 250-dən çox məhkum arasında 1 yetkinlik yaşına çatmamış yeniyetmə və 2 qadın da var.

Xatırladaq ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarı mayın 7-də ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti