...

Azərbaycanda hərbi parada hazırlıqla bağlı təlim-məşqlər keçirilir (FOTO)

Cəmiyyət Materials 12 İyun 2013 16:36 (UTC +04:00)
Bakıda 26 İyun - Silahlı Qüvvələr Günü keçiriləcək hərbi paradla bağlı təlim-məşqlərə başlanılıb.
Azərbaycanda hərbi parada hazırlıqla bağlı təlim-məşqlər keçirilir (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda 26 İyun - Silahlı Qüvvələr Günü keçiriləcək hərbi paradla bağlı təlim-məşqlərə başlanılıb. Hazırda paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və vertolyotlarının uçuşu həyata keçirilir. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiorğlu bildirib.

Onun sözlərinə görə, bir neçə gündən sonra paradla bağlı ictimaiyyətə daha geniş rəsmi məlumat veriləcək. Məlumatda paradda hansı növ qoşun bölmələrinin, silah və texnikanın iştirak edəcəyi əksini tapacaq.

Uçuşlarda HHQ-nin MiG-29, Su-25, L-39 təyyarələri, Mi-17, Mi-24G, Mi-35 və Ka-32 vertolyotları iştirak edib.

Təyyarələr səmada rəngli tüstü ilə Azərbaycan bayrağını çəkiblər.

Qeyd edək ki, paradın keçiriləcəyi "Azadlıq" meydanında artıq iyunun 6-dan etibarən tribunanın və qonaqların yer alacağı səhnənin hazırlanmasına başlanılıb.

Hərbi mənbələrdən Trend-ə verilən məlumata görə, budəfəki hərbi paradda Azərbaycanda əvvəllər nümayiş olunmayan yeni növ silah və texnikalar yer alacaq.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Bakıda sonuncu hərbi parad 2011-ci il iyunun 26-da - Silahlı Qüvvələr Günü keçirilib. Trend-in məlumatına görə, hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemi, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transportyor, 35 döyüş vertolyotu, 22 döyüş və 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti