...

AMEA-da 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı elmi konfrans keçirilib

Cəmiyyət Materials 14 İyun 2013 13:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirib. Bu barədə cümə günü Trend-ə AMEA-nın Rəyasət Heyətindən daxil olan məlumatda deyilir.
AMEA-da  15 İyun - Milli Qurtuluş Günü ilə bağlı elmi konfrans keçirilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirib. Bu barədə cümə günü Trend-ə AMEA-nın Rəyasət Heyətindən daxil olan məlumatda deyilir.

İnstitut direktorlarının da toplaşdığı tədbiri AMEA-nın vitse-prezidenti, millət vəkili akademik İsa Həbibbəyli açaraq deyib ki, 15 iyun Azərbaycan xalqı üçün şərəfli tarixin bayram günüdür. İyirmi il bundan əvvəl ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə uçuruma yuvarlanmaqdan qurtulmuşdur. Azərbaycan tarixində dönüş nöqtəsi yazmış bu hadisə ölkə elmini də məhv olmaqdan xilas etmişdir. Bu gün alimlər sözügedən bayramı ümummilli liderə minnətdarlıq hissi ilə qeyd etməyə toplaşmışlar.

Sonra, akademik "Azərbaycanda milli qurtuluş: Tarixin dönüş məqamından yüksək inkişafa" adlı geniş məruzə ilə çıxış etmişdir. Natiq Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir mərhələdəki hərtərəfli inkişafından bəhs edən məruzədə xatırlatmışdır ki, Azərbaycan Milli Qurtuluş günü 1997-ci ildən qeyd edilir və 1998-ci ildə bu bayrama dövlət statusu verilmişdir. Akademik qeyd etmişdir ki, 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etmiş Azərbaycan sonradan Ermənistanın işğalçı siyasəti nəticəsində böhrana məruz qalmışdır. 1993-cü ilə qədər zamanın ağır sınağı kimi müşahidə olunan həmin dövr məhz xalqın xilaskarı Heydər Əliyevin 15 iyunda hakimiyyətə qayıdışı ilə sona çatmışdır. Həmin gündən Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyevin həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində elmin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti sayəsində AMEA Azərbaycan xalqının intellektual sərvəti kimi qorunub saxlanılmış, fəaliyyət dairəsi xeyli genişləndirilmiş və səlahiyyətləri artırılmışdır. Bunlardan əlavə, Azərbaycan Elmlər Akademiyasına ümummilli lider tərəfindən milli statusu verilmişdir.
Elmi konfransda Heydər Əliyevin həyat yolu və fəaliyyəti, həmçinin Azərbaycanın müstəqillik dövründəki inkişafına həsr olunmuş slaydlar nümayiş etdirilmişdir.

Daha sonra AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibinin müavini akademik Teymur Bünyadov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini akademik Maqsud Əliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru Validə Əlizadə və Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov çıxış etmişlər.

İ.Həbibbəyli yekun sözündə qeyd etmişdir ki, Heydər Əliyevin elm sahəsində formalaşdırmış olduğu uğurlu siyasət bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən mühüm islahatlarla davam etdirilir. Alimlər bu siyasətin bundan sonra da uğurla həyata keçirilməsi və elmin inkişafı naminə bütün imkanlarını səfərbər etmişlər. Konfrans iştirakçıları qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəytədləyəcəkləri barədə yekdil fikirlərini ifadə etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti