...

Elşad İskəndərov: Bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur

Cəmiyyət Materials 14 İyun 2013 15:53 (UTC +04:00)
Orta məktəblərdə hicab məsələsi ilə bağlı istər uyğun formulun tapılması, istərsə də bu sahədə aparılan maarifləndirmə işləri qız övladlarımızın müasir təhsildən kənarda qalmamasına yönəlib.
Elşad İskəndərov: Bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Orta məktəblərdə hicab məsələsi ilə bağlı istər uyğun formulun tapılması, istərsə də bu sahədə aparılan maarifləndirmə işləri qız övladlarımızın müasir təhsildən kənarda qalmamasına yönəlib. Trend-in məlumatına görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar bır sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

E.İskəndərov qeyd edib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur. Orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi isə dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir:

"Dövlət məktəbi uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını da qoruyur. Hər uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Eyni zamanda, az da olsa, məktəb təhsilindən kənarda qalmış balalarımız var. Onların və valideynlərinin narahatlığı anlaşılandır".

Komitə sədri həmçinin qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təhsildə hicab məsələsi ilə bağlı dini icmalarla dialoq aparır və artıq problemin həlli istiqamətində bir sıra təkliflər səslənib. Bu təkliflər təhsilin dünyəvi xarakterinə və sosial ədalət prinsipinə əsaslanan vahid məktəbli forması tələbinə zidd gəlmədiyi təqdirdə tətbiq oluna bilər. Həmin təkliflərin müzakirəsi məqsədilə həm dini icmalarla, həm də valideynlərlə mütəmadi dialoq qurulur:

"Məsələ təhsil qanunvericiliyinə aid olsa da və təhsil sistemi çərçivəsində həll olunmalı olsa da, burada dindarların fikirlərini əks etdirməklə Dövlət Komitəsi öz məsləhətlərini verə bilər. Bu istiqamətdə müvafiq işlər aparırıq".

İskəndərovun sözlərinə görə, məsələni "hicaba qadağa problemi" kimi qabardan şəxslər və qruplar sözügedən ailələrin, valideyn və uşaqların yaşadıqları problemin həll edilməsi məqsədini güdmürlər və məsələnin sivil yolla həllinə də yardım etmirlər:

"Onların məqsədi dini siyasiləşdirmək, dövlətlə dindarlar arasında uçurum yaratmaq və özlərinin siyasi məqsədlərinə nail olmaqdır. Bizə daxil olan məlumatlar da bunu təsdiqləyir".

Komitə sədri "məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır" kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb:

"Bir qrup adam "hicaba icazə verilməməsi" bəhanəsi ilə qız övladlarımızın məktəbə getməməsinə çağırır, bununla da övladlarımızı təhsildən yayındırır. Bu cür çağırışların böyük əksəriyyəti dini icmalarda təmsil olunan valideynlərə yönəldiyi üçün mən həmin valideynlərə müraciət edirəm ki, övladlarının kimlərsə tərəfindən istifadə olunmasına yol verməsinlər. İslam həm də elmə əsaslanan dindir və bu dinin əsas prinsiplərindən biri təhsil almaq, oxumaq hüququdur və hətta zərurətidir. Qız övladlarını təhsildən yayındıran valideynlər bununla dinimizin də prinsipini pozurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti