Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Mehdiyev/
Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Sadettin Topukçu, Azərbaycan Milli Televizya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir sıra KİV rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında təhsil sahəsində sıx əlaqələr var: "Şimali Kipr Türk Respublikasında minə yaxın azərbaycanlı tələbə təhsil alır ki, onların da təqribən 500-ə qədəri Doğu Akdeniz Universitetinin tələbəsidir".
V.Səfərli bundan sonra da bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyinin vurğulayaraq qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
S.Topukçu ölkəsinin Azərbaycana xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Şimali Kipr Türk Respublikası daha çox azərbaycanlı tələbənin ölkənin təhsil imkanlarından faydalanmasını istəyir: "Təhsil xalqları birləşdirən ən önəmli amildir, çünki insanlar təhsil aldıqları ölkə ilə yaxından tanış olmaq imkanı əldə edirlər".
A.Öztoprak, öz növbəsində, Azərbaycana dəvətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi universitet haqqında məlumat verib. O bildirib ki, hazırda universitetdə 14 minə yaxın tələbə təhsil alır. A.Öztoprak Azərbaycanın bir sıra universitetləri ilə daim əlaqə saxlanıldığını və mütəmadi olaraq "yay məktəbləri"nin təşkil olunduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, azərbaycanlı tələbələr, əsasən, biznes, iqtisadiyyat və turizm sahələrinə daha çox maraq göstərirlər. A.Öztoprak rəhbərlik etdiyi universitetdə 14 azərbaycanlı müəllimin də çalışdığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən N.Məhərrəmli qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etməsi mədəni, iqtisadi, siyasi və digər sahələrdə də əlaqələrin genişlənməsinə şərait yaradır. O, eyni zamanda, iki xalqın mədəniyyətləri arasında bir çox oxşarlıqların olduğunu vurğulayıb.
Sonda qonağa KİVDF tərəfindən xatirə hədiyyəsi təqdim olunub.