...

Salyan və Neftçala sakinləri ASAN Səyyar xidmətdən yararlanacaqlar

Cəmiyyət Materials 8 İyul 2013 11:38 (UTC +04:00)
Salyan və Neftçala rayonlarının ümumi sayı 200000-dən çox olan sakinləri iyulun 20-dək ASAN Səyyar Xidmətdən Salyan rayonunda yararlana biləcəklər.
Salyan və Neftçala sakinləri ASAN Səyyar xidmətdən yararlanacaqlar

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

Salyan və Neftçala rayonlarının ümumi sayı 200000-dən çox olan sakinləri iyulun 20-dək ASAN Səyyar Xidmətdən Salyan rayonunda yararlana biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, adıçəkilən bölgələr üzrə səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə aşağıdakılar daxildir:

• Notariat fəaliyyəti

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi

• Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

• Əmək pensiyalarının təyin edilməsi

• Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Lənkəran, Masallı və digərlərinə səfər edəcəkdir.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində isə Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti