Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/
Çoxlarımız mənzil alandan sonra həmin mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması əsl problemə çevrilir. Mənzilin keçmiş mülkiyyətçisi çox vaxt hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmamasını əsas göstərərək qeydiyyata düşə bilməməsini səbəb göstərirlər.
Mənzil alan yeni mülkiyyətçi isə bu müddətdə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur olur. Çox vaxt bununla bağlı məhkəmələrə və rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəslərinə edilən müraciətlər də səmərəsiz qalır. Bu iki qurum arasındakı "ötür-ötür oyunu" vətəndaşa böyük problemlər yaşadır.
Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov mətbuata açıqlamasında bildirib ki, vətəndaşların tez-tez qarşılaşdığı bu problem qanunvericilikdən, konkret desək, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsindən qaynaqlanır:
"Belə ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları Qanunun 9-cu maddəsində öz əksini tapmışdır. Lakin həmin maddədə qarşılaşdığınız problemin müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmamışdır. Çünki 9-cu maddənin 1-ci hissəsinə görə şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Lakin müəyyən hallarda əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün həmin maddənin tətbiqi mümkün deyildir".
Hüquq məsləhətçisi bildirib ki, əvvəlki sakinlərin yeni mülkiyyətçinin mənzilində qeydiyyatda qalmaqda davam etməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun bir sıra müddəları ilə ziddiyyət təşkil edir.
Belə ki, Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
Hüquqşünas qeyd edib ki, qeyd olunan halda, əvvəlki sakinlərin mənzili alan şəxsin mənzilində qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir.
Novruzovun sözlərinə görə, vətəndaş rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin imtina cavabını aldıqdan sonra İnzibati-Prosessual Məcəlləyə əsasən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilər.
Hüquqşünas hazırda müvafiq inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati icraat qaydasında belə mübahisələrə baxılıdığını və həll olunduğunu vurğulayıb.
Novruzov bildirib ki, mövcud vəziyyət bu problemlə üzləşən vətəndaşların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir: "Belə ki, adıçəkilən maddənin 1-ci hissəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyətçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satacağı halda onların yazılı razılıq ərizəsini almalı olması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur".
Vəkil bildirib ki, qeyd olunan problem Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində olmuş "Babilonova Slovakiyaya qarşı" iş üzrə ərizəçinin qarşılaşdığı problemlə eynidir.
Avropa Məhkəməsinin qəbul etdiyi 20 iyun 2006-cı il tarixli qərarında ərizəçi xanım Babilonovanın Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulduğu təsdiq olunub.
Mənzildə qeydiyyatda olan kənar şəxsləri qeydiyyatdan necə çıxarmaq olar?
Çoxlarımız mənzil alandan sonra həmin mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması əsl problemə çevrilir. Mənzilin keçmiş mülkiyyətçisi çox vaxt hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmamasını əsas göstərərək qeydiyyata düşə bilməməsini səbəb göstərirlər.