...

Astara sakinləri ASAN Səyyar Xidmətdən yararlanacaqlar

Cəmiyyət Materials 24 İyul 2013 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/

Astara rayonunun ümumi sayı 100000-dən çox olan sakini avqustun 3-dək ASAN Səyyar Xidmətdən yararlana biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dünəndən etibarən səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
  • Əmək pensiyalarının təyin edilməsi
  • Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Astara rayonundan sonra ASAN Səyyar Xidmət cənub bölgəsinin digər rayonlarında da əhaliyə xidmət göstərəcək.

Qeyd edək ki, ASAN Səyyar Xidmət şimal və cənub olmaqla 2 istiqamət üzrə göstərilir. Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda isə İsmayıllı rayonunun sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti