...

Firudin Nəbiyev: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər

Cəmiyyət Materials 5 Avqust 2013 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/

"Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşlarımızla bərabər bütün vəzifələri yerinə yetirməlidirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsi məsuliyyətə səbəb olur."

Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Firudin Nəbiyev "Respublika" qəzetinə verdiyi müsahibəsində bildirib.

Avqustun 1-dən etibarən qüvvəyə minən Miqrasiya Məcəlləsindəki yeniliklərlə bağlı məlumat verən DMX-nin rəisi qeyd edib ki, məcəllədə vizaların yeni kateqoriyaları, hər vizanın qalma müddəti, viza verilməsi üçün tə ləb olunan sənədlərin siyahısı, vizaların verilməsi qaydası öz əksini tapıb, habelə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı da nəzərdə tutulub:

"Məcəlləyə görə viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci 15 gün, turistlər üçün elektron vizanın alınması üçün müraciətlərə ən geci 10 gün, müəyyən hallarda isə ən geci 2 iş günü ərzində baxılacaq. Sənəddə Azərbaycan Respublikasına gələn acnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla bilməsi də öz əksini tapıb. Əvvəl əcnəbilər və vətəndaşlığı olmayän şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 7 iş günü qalmış miqrasiya orqanlarına müraciət etməli idilərsə, artıq həmin müddət azı 3 iş gününə endirilib."

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində şəxsiyyətini təsdiq edən sənəd kimi tanınacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində miqrasiya orqanlarına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiqləyən sənədi təqdim edəcəklər. Belə sadələşdirilmiş müraciət forması daimi yaşamaq üçün icazə və iş icazəsinin verilməsindən imtina edildiyi hallara da şamil olunacaq.

DMX rəisi qeyd edib ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərə tutulub:

"Lakin bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunacaq ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərmiş olsunlar. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşı olması tələb edilir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti