Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbulu və miqrasiya sahəsində tətbiq edilən yeniliklər barədə ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tərəfindən Plan təsdiq olunub. Plana əsasən, DMX-nin Regional Miqrasiya İdarələrinin şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər keçirilir.
DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Miqrasiya Məcəlləsinin təbliğinə həsr olunmuş ilk belə tədbir Şirvan şəhərində keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Aparatının və Regional Miqrasiya İdarəsinin əməkdaşları, Şirvan şəhər icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, həmçinin bir sıra müəssisə və təşkilat rəhbərləri, sahibkarlar iştirak ediblər.
Tədbirdə Miqrasiya Məcəlləsində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq qəbul edilən Məcəllədə yeni normalarla yanaşı, bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanıb. Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş normaların tətbiqi sadələşdirilib, yaxın qohumluq və digər anlayışların təfsiri verilib, vizaların yeni kateqoriyaları, miqrasiya uçotu və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Qeyd edilib ki, miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının öz hüquq və vəzifələrini bilmələrini, miqrasiya ilə bağlı məlumatlar əldə etmələrini daha da asanlaşdıracaq.