...

Nizami Gəncəvinin məqbərəsində fars dilindəki şeirlər Azərbaycan dilinə çevrilib

Cəmiyyət Materials 21 Avqust 2013 15:35 (UTC +04:00)
Nizami Gəncəvinin məqbərəsində, üzərində fars dilində olan şeir kaşıları çıxarılaraq yerinə həmin şeirlərin Azərbaycan dilində tərcüməsi yerləşdiriləcək. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli deyib.
Nizami Gəncəvinin məqbərəsində fars dilindəki şeirlər Azərbaycan dilinə çevrilib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir D.Xatınoğlu/

Nizami Gəncəvinin məqbərəsində, üzərində fars dilində olan şeir kaşıları çıxarılaraq yerinə həmin şeirlərin Azərbaycan dilində tərcüməsi yerləşdiriləcək. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli deyib.

O bildirib ki, dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsində üzərində fars dilində şeirlər yazılmış kaşılar 1997-ci ildə yerləşdirilib və tarixi önəm kəsb etmir.

Mərkəzin direktoru deyib ki, məqbərədə yerləşdirilmiş 4 beytdən ibarət şeir İslam peyğəmbəri haqqında Nizaminin "Leyli və Məcnun" poemasının tərkibində olan tərifdir.

Bu dörd beyt poemanın 110 beytdən ibarət olan ikinci fəslindən götürülüb.

X.Yusiflinin sözlərinə görə, həmin dörd beyt Azərbaycan dilinə tərcümə olunub, Elmlər Akademiyası tərəfindən təsdiqlənib və fars versiyasının yerinə məqbərəyə yerləşdiriləcək.

Şeirləri X.Yusiflinin özü tərcümə edib və tərcümələr əski əlifbada yazılıb. Bu dörd şeirlə yanaşı, Nizaminin öz vətəni Gəncəyə həsr etdiyi şeirlərin Azərbaycan dilində tərcüməsi də məqbərədə yerləşdiriləcək.

Onun sözlərinə görə, bəzən məqbərəyə gələnlər fars dilində yazılmış şeirləri görüb səhvən Nizaminin fars şairi olduğunu düşünməsinlər deyə, hamının onun Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu bilməsi üçün bu addım atılıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin baş katibi Abbas Əraqçi avqustun 18-də Nizaminin Məqbərəsindən fars dilli şeirlərin çıxarılmasına təəssüfləndiyini bildirib.

Bu hadisə İranın bəzi mətbuat orqanlarında Azərbaycanda Nizami Gəncəvinin kimliyinin təhrif edilməsi kimi qiymətləndirilib.

İranda bəzi ədəbiyyatçılar hətta Nizaminin əslən Qum şəhərinin dağlıq Təfriş regionundan olduğunu, ancaq Gəncədə yaşadığını ehtimal edirlər. Bu ədəbiyyatçılar Nizaminin "İqbalnamə" əsərində olan bir beyti əsas gətirirlər.

Lakin bu ideya İranın özündə də qəbul olunmur və 12-ci əsrdən indiyədək tarixşünaslar və təzkirə yazanların hamısı Nizaminin Gəncədən olduğunu vurğulayıblar. Bunu şübhə altına alan heç bir tarixi sənəd yoxdur. Bütün dünyada olduğu kimi İranda da bu şair (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvidir) rəsmən Nizami Gənvəvi (Gəncəli) adlanır. Qeyd edək ki, Nizami öz əsərlərində dəfələrlə Gəncə şəhərindən olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti