Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/
Biz təqsirləndirilən şəxslərin və məhkumların yaxınlarını bir daha qanuna riayət etməyə, qadağan olunmuş ərzaq və məhsulları gizli yollarla istintaq təcridxanalarına və ya cəzaçəkmə müəssisələrinə keçirməyə cəhd etməkdən yayınmağa çağırırıq. Onlar bilməlidirlər ki, xüsusən cinayət tərkibi yaradan əşyaların keçirilməsinə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Bu barədə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Trend-in istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində təqsirləndirilən şəxslərin və ya məhkumların yaxınları tərəfindən gətirilmiş ərzaq və əşyaların yoxlanması zamanı yaranan narazılıqlarla bağlı sualına cavab verərkən bildirib.
Penitensiar xidmətin rəis müavininin sözlərinə görə, bəzi ərzaq və əşyalar var ki, onların istintaq təcridxanasına və ya cəzaşəkmə müəssisələrinə keçirilməsi cinayət tərkibi yaradır. Elə əşyalar da var ki, onlar cinayət tərkibi yaratmasa da, içəri buraxılmasına icazə veriilmir. Həmin əşya ya məhv edilir, ya da sahibinə qaytarılır: "Bəzən Cinayət Məcəlləsinin 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsinin tələblərini pozaraq gizli yolla, yəni yoxlamadan kənar məxfi yolla əşyaların keçirilməsinə çalışırlar. Bu isə artıq cinayət tərkibi yaradır. Narkotik vasitələr, yaxud spirtli içkilər hər bir halda cinayət tərkibi yaradır. Bəzən narkotik vasitələri çörəyin, kələmin, soğanın, kartofun, dolmanın içində gizlədərək içəri keçirməyə cəhd edirlər. Bunlar isə hamısı nəticədə aşkar edilərək tutulur."
H.Əlixanov qeyd edib ki, bu qanunsuzluqların qarşısını almaq məqsədilə Penitensiar xidmətin əməkdaşları tərəfindən yoxlamalar aparılır və belə hallarda hansısa ərzağın müəyyən qədər korlanması mümkündür: "Biz ilk növbədə istəmirik ki, kiminsə gətirdiyi ərzaq sovqatı korlansın. Bizim əməliyyat aparatımız var. Əgər həmin ərzaq sovqatın içində hansısa qanunsuz əşyanın olacağına dair əvvəlcədən əməliyyat məlumatı olursa, o zaman həmin sovqat, məhsul açılır. O zaman ola bilər ki, həmin məhsul müəyyən qədər korlansın. Lakin bizdə heç zaman olmayıb ki, qadağan olunmuş əşya çıxmamış hansısa əşya və ya ərzaq korlansın. Təbii ki, həmin ərzaq müəyyən qədər korlanmasa, qadağan olunmuş əşyalar təcridxananın və cəzaşəkmə müəssisəsinin içinə keçirilə bilər. Məsələn, telefonlar keçirilir, narkotik vasitələr və sair əşyalar keçirilir."