...

Krım Azərbaycan Cəmiyyətinin sədri: Azərbaycanlılar siyasi nöqteyi-nəzərdən mütəşəkkil deyillər (MÜSAHİBƏ)

Cəmiyyət Materials 28 Noyabr 2013 11:16 (UTC +04:00)
Krım Azərbaycan Cəmiyyətinin sədri, “Alubika” qəzetinin redaktoru Rəhim Hümbətovun Trend-ə müsahibəsi
Krım Azərbaycan Cəmiyyətinin sədri: Azərbaycanlılar siyasi nöqteyi-nəzərdən mütəşəkkil deyillər (MÜSAHİBƏ)

Ukrayna, Krım, 28 noyabr /Trend, müxbir İ.Xəlilova/

Krım Azərbaycan Cəmiyyətinin sədri, "Alubika" qəzetinin redaktoru Rəhim Hümbətovun Trend-ə müsahibəsi

- Rəhim müəllim, Azərbaycanla Krım Muxtar Respublikası arasında hansı əlaqələr mövcuddur?

- Hələ lap qədim dövrlərdən Krımın əsas əhalisi olan skiflər Azərbaycanda özlərinin çarlığını yaradıblar. Bu kimi səbəblərdən qarşılıqlı münasibətlərimizin tarixi kökü var. Baxmayaraq ki, aramızda iki min kilometr məsafə var, amma əlaqələrimiz sıx olub. 100-200 il bundan əvvəllərə nəzər yetirsək, Krım xanlığının Azərbaycan ərazilərinə müdaxiləsini və sair tarixi hadisələri də xatırlaya bilərik. Hərdən buradakı rəsmilərlə görüşdə bir az tənə də vururam ki, bizim torpaqlarımıza müdaxilə edib insanlarımızı əsir halında Krıma gətirmisiniz. Ümumiyyətlə, Krım tatarlarının etnogenizində azərbaycanlılar da iştirak ediblər.

Azərbaycanla Krım arasında mədəni əlaqələrin də fərqli tarixi var. 100 il bundan əvvəl də görkəmli yazıçı Nəriman Nərimanovun başçılığı altında teatr truppaları Krıma gələrək burada müxtəlif tamaşalar göstəriblər. XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Rusiya müsəlmanlarının lideri kimi tanınan İsmayıl Qaspıralı yeni üsullu məktəb yaratmaqla, ortaq ədəbi dili formalaşdırmağa çalışmaqla və Rusiyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlarını "dildə, fikirdə, işdə birlik" ideyası ətrafında birləşdirmək missiyası ilə "Tərcüman" qəzetini burada buraxıb. O, bununla türk xalqlarının dünyagörüşlərində ciddi dəyişikliklərə nail olub, onların həyat və təfəkkür tərzində dönüş yaradıb. Onun tarixi xidmətlərinin ən önəmlisi isə naşiri, redaktoru, ən məhsuldar yazarı olduğu "Tərcüman" qəzetidir. Bütün çətinliklərə baxmayaraq, İsmayıl bəy belə bir qəzeti Krımda çap etdirə bilib. Bu qəzet çapdan əvvəl senzuranın razılığı üçün Baxçasaraydan Peterburqa göndərilir, senzuradan keçdikdən sonra Krıma qaytarılır və nəşr edilirdi. Çox ciddi çətinliklərə rəğmən İsmayıl Qaspıralının bu qəzeti qısa müddət ərzində Rusiya müsəlmanlarının məskunlaşdığı bütün ərazilərdə, eləcə də Türkiyədə, Azərbaycanda, İranda, Misirdə, Əlcəzairdə, Hindistanda, Rumıniyada, Bolqarıstanda, Çinin Şərqi Türküstanında yayılıb.

Azərbaycan dilçilik elminin inkişafına çox böyük töhfələr verən Bəkir Çobanzadə də əslən krımlı olub. Müasir dövrdə Krımın simvoluna çevrilən "Qaranquş yuvası" da azərbaycanlıların pulu hesabına tikilib. Bunun kimi yüzlərlə faktlar sadalamaq olar ki, onların hamısı Krım-Azərbaycan əlaqələrinin tərkib hissəsi sayılır.

- Krım Muxtar Respublikası ilə Azərbaycan arasındakı münasibətlər hansı səviyyədədir?

- Biz çalışırıq ki, müasir dövrdə də Azərbaycanla Ukrayna, Krım arasındakı əlaqələrimiz daha da yaxşılaşsın. Bu istiqamətdə bir çox təşəbbüslərimiz də olub. Krımın Yalta şəhəri ilə Azərbaycanın Xaçmaz şəhəri arasında dostluq, qardaşlıq əlaqələri yaranıb. Hər iki tərəfi təmsil edən nümayəndə heyəti qarşılıqlı səfərlərdə olublar. Yalta nümayəndə heyətini hətta Azərbaycan Prezidenti də qəbul edib. Krımın rəsmi şəxsləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Krımın Kurortlar və Turizm Nazirliyinin Bakıda ofisi açılıb. Çalışırıq ki, yaxın gələcəkdə Naxçıvan və Krım Muxtar respublikaları arasında da qardaşlıq əlaqələri yaradılsın.

- Ukraynada, eləcə də Krımda təxminən nə qədər azərbaycanlı yaşayır?

- Bizim hesablamalarımıza görə Krımda 8-10 min azərbaycanlı yaşayır. Ümumilikdə, Ukraynada 40-50 min nəfər azərbaycanlı bu ölkənin daimi vətəndaşıdır. Bu, rəsmi statistikadır. Nəzərə alınmalıdır ki, burada Ukrayna vətəndaşı olmayan, iş üçün gələn azərbaycanlılar da var. Bizim apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Ukraynada 300 min nəfərə yaxın azərbaycanlı yaşayır.

- Onlar əsasən hansı sahələrdə fəaliyyət göstərirlər?

- Həm Rusiyada, həm də Ukraynada belə bir stereotip yaranıb ki, azərbaycanlılar ancaq bazarlarda işləyirlər. Bir dəfə burada Ali Sovetin sədri ilə keçirdiyimiz görüşdə o da azərbaycanlıların alverlə məşğul olduğunu bildirmişdi. Mən o zaman həmin şəxsin diqqətinə çatdırdım ki, azərbaycanlılar burada sadəcə bazarda deyil, iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunurlar. Eləcə də digər fəaliyyət sahələrində. Bizim səhiyyə, hüquq-mühafizə, mədəniyyət sahələrində çalışan kifayət qədər ziyalılarımız var ki, onlar da Ukraynanın, eləcə də Krımın ictimai-siyasi həyatında aktiv iştirak edir, bu ölkənin inkişafına öz töhfələrini verirlər.

- Bəs Ukraynanın, Krımın siyasi həyatında azərbaycanlılar hansı səviyyədə təmsil olunurlar?

- Əgər bu baxımdan özümüzü ermənilərlə müqayisə etsək, çox zəif. Bunun səbəbi, günahı da özümüzdədir. Siyasi nöqteyi-nəzərdən mütəşəkkil deyilik. Təsəvvür edin ki, bəzən hər hansı əhəmiyyətli bir tədbir keçirəndə insanlarımızı ora toplamaqda çətinlik çəkirik. Azərbaycanlılar bəzi hallarda belə tədbirlərə ya maraq göstərmir, ya da çox yubanırlar. Bu da atılacaq siyasi addımın, görülən işin effektini azaldır. Lakin bu, elə başa düşülməsin ki, bizim diasporumuz zəifdir. Vaxtilə Xarkov vilayətinin İzyum şəhər soveti uydurma "erməni soyqırımı"nın qəbul edilməsi ilə bağlı qərar qəbul etmişdi. Üstəlik bu "soyqırım"ın dövlət səviyyəsində tanınması barədə təşəbbüs göstərmişdi. Azərbaycan diasporunun təsiri və baş verənlərə anında müdaxiləsi nəticəsində bu qərar ləğv edildi.

Daha iki faktı diqqətinizə çatdırım. İndiki müxalifət lideri Gennadi Gennadiyeviç Maskal 1998-ci ildə Krımda milis rəisi idi. O zaman baş vermiş bir hadisə ilə əlaqədar olaraq, o, milis işçilərinə xüsusi göstəriş vermişdi. Küçədə qafqazlı şəxslər görünən kimi dərhal sorğu-sual edilir, azərbaycanlı olduğu təqdirdə milis idarəsinə aparılıb incidilirdi. Biz həmin vaxt bütün azərbaycanlıları bir araya gətirib milisin saxlanma təcridxanasının qarşısında piket təşkil etdik, bunun mediada ictimailəşməsinə nail olduq. Yalnız bundan sonra milis tərəfindən azərbaycanlılara olan fərqli münasibət aradan qaldırıldı. Digər bir fakt: bu ilin əvvəlində yeni seçilmiş parlamentin üzvü Fyodr Niqoy adlı deputat mətbuata açıqlamasında "Siz bizim bazarlarımıza baxın, onlar başdan-ayağa qapqaradır. Azərbaycanlılar gəlib tökülüblər bura" və sair kimi ifadələr işlətmişdi. Biz diaspora olaraq buna dərhal reaksiya verdik və müəyyən addımlar atdıq. Sonda həmin şəxs nümayişkaranə şəkildə azərbaycanlılardan üzr istədi.

Bir sözlə, burada yaşayan azərbaycanlıların da müəyyən əlaqələri var. Biz həmvətənlərimizə qarşı olan hər hansı hadisəyə dərhal reaksiya verir, gücümüz çatan səviyyədə öz mövqeyimizi ortaya qoyuruq.

- Azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyasında hər hansı ciddi problem yaşanmır ki?

- Məsələyə bir az qlobal yanaşsaq, azərbaycanlıların yaşlı və orta nəsli deyil, onların övladları, nəvə-nəticələri Ukrayna cəmiyyətinə daha yaxşı inteqrasiya olunacaqlar. Çünki onlar bu cəmiyyətdə orta təhsil alır, yerli adət-ənənələr, ictimai-siyasi hadisələr əhatəsində böyüyürlər. Yəqin ki, ali təhsillərini də burada alacaqlar. Bu da onlara dövlət qulluğu da daxil olmaqla, Ukraynanın müxtəlif sahələrində fəliyyət göstərməyə imkan yaradacaq. Üstəlik, hər bir ölkənin ərazisində yaşayan azərbaycanlılar həmin ölkənin dövlət dilini də bilməlidirlər. Bu baxımdan da azərbaycanlılar ciddi problemlə qarşılaşmırlar. Azərbaycan keçmiş ittifaqın üzvü olduğundan, vətəndaşlarımız 15 müttəfiq respublikada olduğu kimi, rusdilli cəmiyyətdə yaşadıqlarından, burada dillə bağlı çətinliklərlə üzləşmirlər. Bütün bunlardan başqa, yaxşı mütəxəssisə dünyanın istənilən ölkəsində, o cümlədən Ukraynada da ehtiyac var.

Digər tərəfdən, bəzən qeyd edirlər ki, azərbaycanlılar yaşadıqları cəmiyyətlərə 100 faiz inteqrasiya olunmalıdırlar. Amma mən bununla razılaşmıram. Hesab edirəm ki, 50 faiz uğurlu inteqrasiya daha yaxşı nəticədir. Amma 100 faiz inteqrasiya artıq assimilyasiyaya gətirib çıxarır. Biz isə bunun tərəfdarı deyilik.

- Rusiyada miqrantlara qarşı olan münasibət göz önündədir. Ukraynada, eləcə də Krımda yaşayan azərbaycanlılara qarşı oxşar münasibət varmı?

- Rusiyadan fərqli olaraq, burada azərbaycanlılara qarşı münasibət normaldır. Amma düşünürəm ki, belə məsələlərdə bəzi hallarda günah bizim özümüzdə - azərbaycanlılarda olur. Bəziləri bir balaca anlaşılmazlıq, mübahisə olan kimi bıçağa əl atırlar. Bu da azərbaycanlıların adının tez-tez kriminogen hadisələrdə də hallandırılmasına səbəb olur.

Digər tərəfdən, Azərbaycandan Ukraynaya ali təhsil almaq üçün gələn tələbələrin sayı son illər artıb. Elm və təhsil nöqteyi-nəzərindən yanaşsaq, bu, sevindirici haldır. Krım Muxtar Respublikasındakı ali təhsil müəssisələrinə qəbul olunmaq o qədər də çətin deyil. Amma burada təhsili başa vurmaq, tələbə kimi səndən tələb olunan tələbləri, məsuliyyəti yerinə yetirmək, peşəkar kadr kimi yetişmək üçün yaxşı mənada müəyyən çətinliklər var. Bunları hər adam, hər tələbə bacarmır. Azərbaycandan gəlib burada ali təhsil alan, bu cəmiyyətdə ölkəmizi təmsil edən bəzi gənclərin, xüsusən də bəzi tələbələrin davranışı, insanlar arasında özünü aparması, təhsilinə qeyri-ciddi yanaşması da yaxşı hal deyil. Onların davranışı ümumilikdə azərbaycanlıların adına yazılır ki, bu da ürəkaçan mənzərə deyil. Belə faktlar və onların formalaşdırdığı rəylər istisna olmaqla, azərbaycanlı miqrantlara Ukraynada, eləcə də Krımda digər millətlərdən fərqli münasibət göstərilmir.

- Rəsmi Kiyevin Avropa İttifaqı ilə assosiativ üzvlüyə qoşulma məsələsinə diqqətinizi çəkmək istərdim. Ukrayna cəmiyyətinin bir təmsilçisi olan Azərbaycan diasporu, həmvətənlərimiz bu barədə hansı fikirdədirlər?

- Bütövlükdə Azərbaycan diasporunun deyil, öz şəxsi fikrim bundan ibarətdir ki, Ukraynanın istiqaməti, gələcəyi Avropaya inteqrasiya, Avropa İttifaqı ilə münasibətləri daha da yaxşılaşdırmaqdır. O da faktdır ki, Rusiya və Ukrayna iqtisadiyyatı bir-biri ilə sıx əlaqədədir. Buna görə də Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı sənədi imzalamaq üçün iki əsas şərtini açıqlayıb. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti