...

Hacıbala Abutalıbov: Bakıda 28 yeni məktəbin və 183 yeni bağçanın tikilməsinə ehtiyac var

Cəmiyyət Materials 23 Dekabr 2013 23:18 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən Bakı şəhəri üzrə inşası və əsaslı təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası-körpələr evinin əsaslı təmir-tikintisi başa çatdırılmış, başqa sözlə, 302 obyektdə əsaslı təmir-tikinti işləri aparılmış və ya sökülərək yenidən tikilmiş, 39 orta məktəbdə 776 sinifli 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir.
Hacıbala Abutalıbov: Bakıda 28 yeni məktəbin və 183 yeni bağçanın tikilməsinə ehtiyac var

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planına əsasən Bakı şəhəri üzrə inşası və əsaslı təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası-körpələr evinin əsaslı təmir-tikintisi başa çatdırılmış, başqa sözlə, 302 obyektdə əsaslı təmir-tikinti işləri aparılmış və ya sökülərək yenidən tikilmiş, 39 orta məktəbdə 776 sinifli 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

H.Abutalıbov qeyd edib ki, hazırda 12 orta məktəbin əsaslı təmiri, 4 orta məktəbin yenidən inşası, 23 körpələr evi-uşaq bağçasının əsaslı təmiri və bir körpələr evi-uşaq bağçasının yenidən inşası işləri davam etdirilir: "Əsaslı təmir-tikinti işləri aparıldıqdan sonra uşaq bağçalarının genişlənməsi hesabına əlavə olaraq 166 qrupun, o cümlədən 3320 uşağın təlim-tərbiyə almasına imkan yaradılmışdır. Bundan başqa, 121 bağçada məskunlaşmış 772 qaçqın ailəsini yeni mənzillərə köçürmək şərti ilə təmir ediləcək həmin bağçalarda daha 12500 uşağın təlim-tərbiyə alınmasına şərait yaratmaq olar.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planına əsasən Bakı və onun ətraf qəsəbələrinə keçən müddət ərzində 3 milyon kvadratmetrdən artıq asfalt örtüyü çəkilmiş, 8956 ədəd elektrik dirəkləri quraşdırılmış, yeni idman meydançaları salınmış, ətraf mühitin çirklənməsinin qarşısını almaq və yerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsini təmin etmək məqsədilə görülən yaşıllaşdırma işləri nəticəsində xeyli miqdarda park və xiyabanlar insanların istifadəsinə verilmişdir".

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı məktəbəqədər uşaq tərbiyə müəssisələrində baş verən keyfiyyət dəyişikliklərinə də toxunaraq bildirdi ki, əsaslı təmir-tikintisi başa çatdırılıb istismara qəbul olunan bütün uşaq bağçaları, uşaq evləri ən müasir avadanlıqla təchiz edilmiş, standartlara uyğun gün ərzində 4 dəfə olmaqla təzə ərzaqla təmin olunması və digər təminat məsələləri dövlət tərəfindən yüksək səviyyədə həll edilmiş və daimi nəzarətə götürülmüşdür: "Bu istiqamətdə atılan uğurlu addımlarla bağlı bir məsələni xüsusi olaraq qeyd etmək istərdim. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri Bakı şəhəri və onun ətraf qəsəbələrinin abadlaşmasında əlahiddə xidmətləri olmuş Mehriban xanım Əliyevanın təşəbbüsündən və məqsədyönlü addımlarından sonra adı çəkilən müəssisələrin əməli fəaliyyətində müsbət istiqamətə yönəlmiş əsaslı dəyişikliklər müşahidə olunmuşdur. Bunun nəticəsidir ki, əvvəllər dövlət təminatlı uşaq bağçalarına uşaqları cəlb etmək problemi var idisə, indi əksinə, dövlət təminatlı uşaq bağçalarına tələbat artdığından valideynlər öz uşaqlarını uşaq bağçasına qoymaq üçün növbəyə yazılmalı olurlar.

Yeri gəlmişkən, diqqətinizə çatdırmaq istərdim ki, təqdim olunan məlumatlara əsasən Bakı şəhəri üzrə 94 orta məktəbin təmirinə, eyni zamanda, birnövbəli sistemə keçid üçün 109 əlavə korpusun, 28 yeni məktəbin tikilməsinə və 20 min 109 uşağın təlim-tərbiyə aldığı daha 192 uşaq bağçasının əsaslı təmirinə, 9 min 300 uşağın təlim-tərbiyə alması üçün 183 yeni bağçanın tikilməsinə ehtiyac vardır".

Hacıbala Abutalıbov Prezident İlham Əliyevin əhali ilə mütəmadi görüşlərinin, insanlarla birbaşa təmasda olaraq onların problemləri ilə yaxından tanış olub yerindəcə həll edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsini paytaxtın və ətraf qəsəbələrin sürətli inkişafı haqqında qərarların qəbul edilməsində, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əlavə tədbirlər planlarının həyata keçirilməsində müstəsna rolundan danışaraq dedi: "Sizinlə görüşdə yerli sakinlərin xahişini nəzərə alaraq verdiyiniz göstəriş əsasında inşa olunmuş göz oxşayan, insanların daimi istirahət guşəsinə çevrilmiş Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən parkı, Suraxanı, Sabunçu, Xəzər, Qaradağ və digər rayonlarda, qəsəbələrdə salınmış yeni yolları, Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində tikdirdiyi Qızlar məktəbinin binasının bərpasını, möhtərəm Prezidentimizin orta məktəblərdə birnövbəliyə keçidlə bağlı verdiyi tapşırığa əsasən tikilmiş yeni məktəb korpuslarını, idman zallarını, Nəsimi və Səbail rayonlarında dünya standartlarına cavab verən parkinqləri, parkları və bir çox obyektləri göstərmək olar".

Hacıbala Abutalıbov paytaxtın sosial infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasında şəhərin lift təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışaraq qeyd etdi ki, 2013-cü ildə Bakıya yüksək standartlara cavab verən min lift qurğusu gətirilmişdir. Növbəti ildə daha min liftin alınması nəzərdə tutulmuşdur. Bildirildi ki, bu və digər tədbirlər bütövlükdə əhalinin rahatlığına və şəhərin gözəlləşməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti