...

Bu yay Kann Azərbaycanla yadda qaldı (FOTO, VİDEO)

Cəmiyyət Materials 18 İyul 2014 15:59 (UTC +04:00)
Heydər Əliyev Fondunun Fransanın Kann şəhərində təşkil etdiyi Azərbaycan həftəsi başa çatdı.
Bu yay Kann Azərbaycanla yadda qaldı (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Heydər Əliyev Fondunun Fransanın Kann şəhərində təşkil etdiyi Azərbaycan həftəsi başa çatdı.

Trend-in məlumatına görə, Kann Fransanın əsas turizm mərkəzlərindən biridir. Bura festivallar, sərgilər şəhəri kimi tanınır. Kann kinofestivalı ilə yanaşı, burada ənənəvi olaraq pirotexnika festivalı, "Kann şirləri" reklam festivalı, şoppinq festivalı və s. keçirilir.

70 min əhalisi olan və hər yay yüz minlərlə turistin səfər etdiyi Kann şəhərində Azərbaycanı müxtəlif tərəfləri ilə tanıdan tədbirlər proqramı Heydər Əliyev Fondu tərəfindən artıq ikinci ildir keçirilir. Builki tədbirlərin təntənəli açılış həftəsindən sonra şəhər sakinləri və turistlər iyul ayının sonunadək Azərbaycanın tarixi, incəsənəti, modern sənəti ilə tanışlıq imkanı yaradan sərgiləri izləyə biləcək.

Nizami Gəncəvinin ədəbi irsi, milli musiqi alətləri, xalçaçılıq və misgərlik sənəti, fırça ustalarının əsərlərinə maraq "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi" sərgisinin açılış günündən hiss olunmaqdadır.

Sərgidəki bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı "Fransa Azərbaycan rəssamlarının gözü ilə" adlı bölmədəki əl işlərində bu ölkə, onun regionları və paytaxtı təsvir olunub.

Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim edilir.

Ümumiyyətlə, Kannda təşkil olunan tədbirlər ən kiçik məqamları ilə hər bir kəsə Azərbaycandan bəhs etməkdədir. Məşhur Kruazet bulvarını bəzəyən Azərbaycan bayraqları, Kannın mərkəzi küçələri və dünyada məşhur olan, Kann kinofestivalının keçirildiyi məkan kimi turistlərin baş çəkdiyi Festivallar sarayı və Lazur sahili boyu Azərbaycanın tarixi və müasir gözəlliklərini tərənnüm edən banerlər ölkəmiz barədə bilgi verir.

Fransız heykəltəraş Lorens Cenkellin hazırladığı 2 metr hündürlükdə hazırladığı "Azərbaycan bayrağı" əsəri ilə yüzlərlə insan foto çəkdirir, onlara Heydər Əliyev Fondu tərəfindən nəşr olunan və Azərbaycanın əbəbiyyatı, insəcənəti və digər milli-mənəvi sərvətlərindən bəhs edən kitablar, Azərbaycan xalq musiqisi, muğam, estrada və caz sənətini tərənnüm edən disklər paylanır.

Qeyd edək ki, iyirmi ildən çoxdur Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bununla yanaşı, həmçinin bu illər ərzində xalqlar və mədəniyyətlərarası əlaqələrin genişlənməsinə önəm verilib. Bu günədək Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Məhz bu tədbirlər nəticəsində Azərbaycanın ədəbiyyatı, incəsənəti, klassik və caz musiqisi, adət-ənənələri bu ölkənin sakinlərinin qəlbini fəth edib.

Kannda iyulun 8-dən təqdim olunan konsert və sərgilərin anşlaqla keçməsi, hər bir təqdimatın alqışlarla, böyük maraqla qarşılanması əslində Azərbaycana olan bu sevginin təzahürüdür. Məhz bu sevginin nəticəsi idi ki, Kannda İsfar Sarabskinin caz improvizasiyaları, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında klassik musiqi gecəsi böyük əks-sədaya səbəb oldu.

Azərbaycanın dövlət himni ilə başlayıb Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə başa çatan 35 dəqiqəlik atəşfəşanlıq isə şəhər sakinlərini təkcə pirotexnikanın şou elementləri ilə deyil, həm də musiqinin sehri və "Odlar diyarı" Azərbaycanın milli koloriti ilə özünə cəlb etdi. Həmin gecə Kruazet bulvarı boyunca yüzlərlə insan bu şounu izləməklə Azərbaycana bir daha valeh oldu.

Bu il Heydər Əliyev Fondu Kannda daha bir yeni təqdimat etdi: yüksək dəbi ilə seçilən Fransada Azərbaycanın milli geyim ornamentləri və onların müasir dəbdə tətbiqi böyük marağa səbəb oldu. Milli musiqinin müşayiəti ilə geyimlər, eləcə də bu milliliyin müasir moda kolleksiyasında tətbiqi Azərbaycan ənənələrini bir daha dünyaya tanıtdı.

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ölkədən kənarda ilk təqdimatı da məhz Fransada, Kannda keçirildi. Bu da təsadüfü deyildi. Çünki Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş ölkədir. Bu təqdimat çərçivəsində Kruazet bulvarında həftə ərzində Avropa Oyunlarına həsr olunan təbliğat materialları paylanıldı və Bakı 2015-ə həsr olunan marafon keçirildi. Belə bir marafonun ölkədən kənarda təşkili digər ölkə vətəndaşlarına da Avropa Oyunlarına hazırlaşan Bakı ilə bərabər bu həyəcanı yaşatdı. Onlarla şəhər sakini və turistin qatıldığı marafonun qaliblərinə 2015-ci ildə Avropa Oyunları günlərində Bakıya səfər biletlərinin verilməsi, yürüş çərçivəsində keçirilən lotereya oyununun qalibinə Heydər Əliyev Fondu tərəfindən elektromobilin hədiyyə olunması məhz həmin şəxslərin yaddaşına ölkə barədə unudulmaz təəssürat həkk etdi.

Kanndakı Azərbaycan günləri boyunca təşkil olunan tədbirlərdə həm də milli mətbəximizin təqdimatı xoş anlar yaşatdı. Milli şirniyyatlar və azərbaycanlı aşbazların hazırladıqları əziz xörəklər Azərbaycanın süfrə mədəniyyəti və qonaqpərvətliyinin tərənnümünə yönəlmişdi.

Beləliklə, bu yay Kann Azərbaycanla yadda qaldı desək, yəqin ki, yanılmarıq. Kann səmasında dalğalanan Azərbaycan bayraqları, onların fonunda foto çəkdirən insanlar, Kannda səslənən Azərbaycan musiqisi, milli məxbəximizin nümunələri və s. Bütün bunlar təkcə bu yay deyil, əslində uzun müddət Azərbaycanı həmin insanların qəlbində yaşadacağını göstərir. Nəzərə alsaq ki, bu tədbirlər artıq Kannda ənənəvi olaraq keçiriləcək, o zaman bu təəssüratın ilbəil artacağı və hər il iştirakçıların müxtəlif maraqlı məqamlarla daha artıq təəccüblənəcəyi şübhəsizdir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti