Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək. Quraqlıq nəticəsində bu il qurumuş çoxillik bitkilər ən azı 5 ildən sonra normal məhsul verə biləcək. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əiyev Trend-ə bildirib ki, bu il Azərbaycanın ən çox mənimsənilən ərazilərindən olan Böyük Qafqazın şimal-şərq yamacında - Altıağacdan Qusara qədər olan ərazilərdə tədqiqatlar apararkən əvvəlki illərdən tamamilə fərqli mənzərəni görüblər. Həmin ərazilərdə ciddi quraqlıq müşahidə edilib, bitki kütlə ehtiyatı azalıb.
Quraqlığın bütün respublika ərazisində müşahidə edildiyini söyləyən alimin sözlərinə görə, Böyük Qafqazın cənub yamacının şərq hissələrində - Şamaxıda, Qobustanda, İsmayıllının aran hissəsində, Şirvan düzənliyində quraqlıq ciddi fəsadlar yaradır: "Əgər vəziyyət belə davam etsə, Ağsu, Göyçay, Şamaxı, Ağdaşın və İsmayıllının aran hissələrindəki fərdi təsərrüfatlar - minlərlə hektar sahəni əhatə edən meyvə bağları quraqlıqdan ciddi şəkildə ziyan çəkəcəklər".
Ə.Əliyev deyib ki, Böyük Qafqazın cənub yamacındakı rayonlarda çoxillik bitkilər quruyur: "Ağsu rayonunda elə ərazilər var ki, orada həyətyanı sahələrdəki ağaclar artıq quruyur. Ağaclar quruduqda isə həmin ağaclardan ən azı 5 il məhsul götürmək problem yaradacaq. Elə rayonlar var ki, orada üzüm, nar və digər meyvə ağacları qurumaq təhlükəsi yaşayır. Bu problem Böyük Qafqazın cənub yamacında özünü daha çox göstərir. Ağsuçay, Girdimançay, Pirsaatçay hövzəsinə aid olan ərazilərdəki fərdi təsərrüfatlarda da həmin vəziyyətlə rastlaşdıq".
Onun sözlərinə görə, Pirsaatçay və Ağsuçayın suyu ümumiyyətlə quruyub, Girdimançayda isə su ehtiyatı 3 dəfəyədək azalıb. Buna görə də bu il Ağsuçay, Göyçay, Girdimançay, Pirsaatçay hövzələrinin əhalisi suyun olmamasından ciddi şəkildə ziyan çəkir.
Quraqlığın yaratdığı digər problemdən də danışan Ə.Əliyev bildirib ki, quraqlıq nəticəsində Quba-Qusar bölgəsinin yay otlaqlarında bitkinin yerüstü hissəsi ciddi şəkildə azalıb. Bu isə heyvandarlıq sahəsində ciddi problemlərin yaranacağından xəbər verir. Buna görə də növbəti qış ayları üçün heyvanların yem ehtiyatının toplanmasına ciddi diqqət yetirmək lazımdır.
Alimin sözlərinə görə, bundan sonra payızın yağıntılı və bir qədər uzun davam etməsi vəziyyəti nisbətən düzəldə bilər. Bununla da əhaliyə nisbətən az ziyan dəyər.