...

Regionun ilki 2 yaşını qeyd edir (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2015 12:59 (UTC +04:00)
Kimisinə görə 2 yaş elə də böyük vaxt hesab olunmur, kimisinə görə isə bu, çox böyük rəqəmdir.
Regionun ilki 2 yaşını qeyd edir (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Kimisinə görə 2 yaş elə də böyük vaxt hesab olunmur, kimisinə görə isə bu, çox böyük rəqəmdir. Əgər söhbət radiodan gedirsə, deməli bu, hansısa inkişafın 2 illik zaman kəsiyində olan göstəricisidir. Bu müddətdə yorulmadan çalışan 93.3 Kəpəz FM kollektivi də bu gün topladığı dinləyici kütləsi ilə öyünməyə haqlıdır.

Sürətlə yol qət edən Kəpəz FM-çilər bu gün 2 yaşını qeyd edir.

Azərbaycanın qərb bölgəsində bir ilkə imza ataraq yenilikçi missiyasını öz üzərinə götürən 93.3 FM, zamanın inkişaf dinamikasının tələblərinə cavab verməyə qadirdir. Bunu hər yaş kateqoriyasında olan dinləyicilər üçün təqdim etdiyi musiqilərlə təsdiq edir. Əhatə yayımı geniş olan Kəpəz FM bununla da digər bölgə sakinlərini də radiodan zövq almağa sövq edir.

Vüqar Abbasov - Yayım və enerji təchizatı şöbəsinin rəisi: "93.3 tezliyində yayımlanan Kəpəz FM radiosu Gəncə şəhəri və ətraf rayonlarla yanaşı "Azərspace" 1 peyki vasitəsilə də yayımlanır. Həmişə çalışırıq ki, radiomuzun səs keyfiyyəti yüksək olsun".
Musiqidə sərhəd tanımayan Azərbaycanın ilk regional radio kanalı "Kəpəz FM"i canlı olaraq www.kepezfm.az saytı vasitəsilə də dinləmək mümkündür".

Fərqanə Fərəcli - Kəpəz FM-in baş musiqi redaktoru: "Radiomuz yayımladığı musiqilərlə dinləyicilərdə günün yorğunluğunu aradan qaldırmaq işində əvəzsiz təsirə malikdir. Bununla yanaşı, radioefirimizdə "Avtosfera" verilişi və artıq 7 fevraldan etibarən Çiçək Mahmudqızının təqdimatında "Duyğulu könüllər" musiqili veriliş yayımlanacaq. "Duyğulu könüllər" Kəpəz televiziyasında yayımlanan eyniadlı verilişin radio versiyasıdır. Aşıq sənətini sevənlər hər həftənin şənbə günü canlı olaraq saat 13:00-dan 15:00-a kimi radiomuzu dinləyə, həmçinin zəng edib söhbətə qoşula bilərlər".

Həftə içi hər gün radioda ən hit musiqilərin yer aldığı Top-40 verilişi isə dinləyicilərin kepezfm.az saytına daxil olaraq Top-40 bölməsində ən sevdikləri müğənniyə səsverməsi əsasında hazırlanır.

Hər gün saat 17:00-da "Hər vaxtınız xeyir, avtosevərlər" deyən Vüsal Kəpəz radiosu yaranandan orada DJ-lik edir. "Avtosfera" verilişini dinləyənlər həmişə onun səsini eşidiblər.

Vüsal Cəfərov - DJ: "Sizin də qeyd etdiyiniz kimi, gündəlik olaraq yayımlanan "Avtosfera"da əsas məqsədimiz sürücülərə Azərbaycan Respublikasının Yol Hərəkəti Qaydalarını aşılamaqdır. Bunun üçün onlara bu barədə suallar ünvanlayırıq və düzgün cavablandıranlara hədiyyə təqdim edirik. Bu layihə Kəpəz radiosu yaranandan start götürüb. Və mən deyərdim ki, hər gün dinləyicilərimizin sayı bir az da artır. 3 saatlıq efir müddətində onlara həm də zövqlərini oxşayacaq musiqilər təqdim edirik".

Radio "Dinlə, hiss et, arzula" şüarı ilə hər kəsi musiqidən yalnız zövq almağa səsləyir. Sizi də 93.3 FM dalğasına köklənməyə çağırırıq.

Ad günün mübarək, Kəpəz FM!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti