...

Direktorun bir günü (FOTO)

Cəmiyyət Materials 5 Mart 2015 18:25 (UTC +04:00)
O, 780 nəfər arasından seçilən 14 nəfərdən biridir. Həmin 14 nəfərdən biri olmaq üçün Təhsil Nazirliyinin keçirdiyi təlimlərdə iştirak edərək müxtəlif mərhələləri adlayıb və nəticədə direktor olmağa nail olub.
Direktorun bir günü (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlhamə İsabalayeva/

O, 780 nəfər arasından seçilən 14 nəfərdən biridir. Həmin 14 nəfərdən biri olmaq üçün Təhsil Nazirliyinin keçirdiyi təlimlərdə iştirak edərək müxtəlif mərhələləri adlayıb və nəticədə direktor olmağa nail olub.

"Məktəb direktorunun bir iş günü" layihəsinin qonağı olan Bakı Şəhər Texniki-Humanitar Liseyinin direktoru Səidə Zeynalova bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 18 avqust tarixli əmri ilə təyin olunub.

Məktəb haqqında qısa arayış

"İlin ən yaxşı məktəbi" müsabiqəsinin qaliblərindən olan Bakı Şəhər Texniki-Humanitar Liseyi Bakıda ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə ilk yerləri tutur.

670 nəfər şagird tutumu olan bu məktəbdə 1024 şagird oxuyur. Şagirdlərin 781-i Azərbaycan, 243-ü rus bölməsi üzrə təhsil alır. Məktəbdəki mövcud 41 sinifin 31-i Azərbaycan, 10-u rus bölməsi üzrədir. Şagirdlərin sayı çox olduğundan hazırda məktəbdə dərslər həftənin 6 günü ərzində iki növbədə keçirilir. Məktəbdə 91 müəllim dərs deyir.

Bu məktəbə şagirdlərin qəbulu 5-ci sinfidən aparılır. Şagirdlər bu məktəbdə həm texniki, həm də humanitar təmayüllü istiqamətlər üzrə təhsil alırlar.

"Öz işimdən çox narazıyam"

S.Zeynalova deyir ki, xaraktercə sakit olsa da, özünə qarşı çox tələbkardır, daim özünə tənqidi yanaşır: "Mən heç vaxt öz işimdən razı deyiləm. Hər dəfə də iş gününün sonunda deyirəm ki, mən bu işi çatdırmadım. Ona görə də bu baxımdan öz işimdən çox narazıyam. Direktor məktəbdə hər şeyə - ayaqyolundan, bufetdən tutmuş idman zalına, otaqlara, onların səliqəli olub-olmasına, şagirdlərin davamiyyətinə fikir verməlidir".

Dediyinə görə, 36 illik pedaqoji fəaliyyəti dövründə heç vaxt insanlarla sərt davranmayıb. O bu fikirdədir ki, məktəb direktoru kollektivlə xoş rəftar etməlidir.

S.Zeynolova məktəb direktoru kimi öz işçilərinə və şagirdlərə qarşı çox sərt tədbirlər görülməsini də qəbul etmir: "Çünki sərt danışmaq adamı daha da sərt edir. Xoş danışmaq lazımdır. Əgər kimsə dünən gəlməyibsə, niyə gəlmədiyini soruşmuram. Deyirəm ki, müəllim, nə isə olub? Onda onlar da görürlər ki, onlara qarşı tamam ayrı münasibət var. Onlar o münasibəti tapdalayıb nə sərtlik, nə də kobudluq göstərə bilərlər. Burada bəzi müəllimlər uşaqlarla kobud rəftar edirdilər. Onları yanıma çağırıb başa salmışam ki, əgər 11-ci sinifdə oxuyan uşaq sizin üzünüzə qayıtsa, onda müəllim kimi hörmətdən düşəcəksiniz. Razılaşırlar".

"Məktəbə ən birinci mən gəlirəm"

"Bizim dərslərimiz saat 08:30-da başlayır. Ancaq mən düz saat 8-də məktəbdə oluram. Məktəbə ən birinci mən gəlirəm, çünki bütün uşaqları, müəllimləri mən qarşılamalıyam. Məncə, müəllimlər, uşaqlar direktoru görməyəndə bir qədər sərbəstləşirlər. Müəllimlərə qarşı tələb çoxdur. Onlar dərsləri vaxtında başlamalı, jurnalı vaxtında doldurmalı, proqramı vaxtında ödəməlidirlər".

S.Zeynalovanın sözlərinə görə, bu məktəbə hətta Mazasırdan, Xırdalandan, Şüvəlandan, Mehdiabaddan gələn şagirdlər var. Yollardakı tıxaclara görə şagirdlər bəzən dərsə geciksələr də, direktor məsuliyyəti artırmaqdan ötrü gecikənlərə yalnız 10 dəqiqə vaxt verir.

Şagirdlərin dərsə davamiyyətini yüksəltməkdən ötrü

S.Zeynalova hesab edir ki, şagirdlərin dərsə davamiyyətinin yüksəldilməsinə nail olmaqdan ötrü dərsləri də çox maraqlı keçirmək lazımdır: "Əgər dərs çox maraqlı, müasir, interaktiv keçirilərsə, mövzu ilə əlaqədar internetdən əlavə, maraqlı məlumatlar toplanarsa, onda heç bir uşaq dərsdən qaçmaz".

Bu gün repetitorluğun ciddi problem olduğunu deyən direktorun sözlərinə görə, bununla əlaqədar tədris ilinin əvvəlində valideynlərlə görüşüb: "Onlara dedim ki, mən sizin hüququnuzu əlinizdən almıram, onsuz da sizin uşaqlar repetitor yanına gedəcəklər. Amma elə edək ki, uşaqlar repetitorun yanına dərslərdən, yəni saat 2-dən sonra getsinlər. Özüm şagirdlərin repetitor cədvəlini və mobil telefonunu götürmüşəm və bu məsələyə ciddi nəzarət edirəm".

"Mənə maraqlıdır ki, sinifə xəbərsiz daxil olum və..."

Direktorun sözlərinə görə, dərslərin necə keçirildiyini öyrənməkdən ötrü özü dərslərdə iştirak edir: "Direktor şagirdlərin təlim-tərbiyə işlərinə də nəzarət etməlidir. Amma hər bir direktor bir həftə ərzində ən azı, 4 dərsin keçirilməsində iştirak etməyə borcludur".

Dərslərdə iştirak etməklə müəllimlərin xarakteri, onların dərs keçmə qabiliyyəti ilə yaxından tanış olduğunu deyən S.Zeynalovanın sözlərinə görə, dərslərdə oturarkən müəllimin dərsi metodik cəhətdən necə keçməsinə, kompüterdən, "ağıllı lövhə"lərdən necə istifadə etməsinə, hansı texniki vəsaitlərdən faydalanmasına diqqət edir: "Mən açıq dərsləri çox sevmirəm. Çünki müəllimlər açıq dərslərə çox ciddi hazırlaşırlar. Mənə maraqlıdır ki, heç kəsə demədən, xəbərsiz halda, tədris prosesinə qarışmadan sinifdə oturub dərsin necə keçməsinə nəzarət edim. Dərs vaxtı qeydlərimi aparıram ki, sinifdə neçə şagird iştirak edib, hansı mövzu keçirilir. Həmin mövzunu jurnalla, proqramla yoxlayıram. Şagirdlərin aktivliyinə də fikir verirəm ki, görüm, onlar biliklidirlərmi, sərbəstdirlərmi, dərslərdə özlərini necə aparırlar, gündəlikləri, dəftərləri, kitabları nə vəziyyətdədir? Bunların hər birinə ayrı-ayrılıqda fikir verirəm. Sonra isə müəllimlə birgə həmin dərsi müzakirə edirik".

S.Zeynalova deyir ki, müəllimin geyiminə də ciddi fikir verir. Çünki belə hesab edir ki, şagirdlər ilk növbədə müəllimin geyiminə fikir verirlər: "Uşaqlar özləri bizdən çox güclü psixoloqdurlar. Müəllim içəri girəndə şagirdlər mütləq onun üst-başına, duruşuna, oturuşuna fikir verir, sonra biliyinə baxırlar".

"Şikayət qutusu" və pulsuz çay

Maraqlı məqamlardan biri də budur ki, bu məktəbdə şagirdlərin öz təklif və iradlarını bildirməsinə şərait yaradılıb və bunun üçün məktəb binasının girişində təkliflər və şikayətlər üçün qutu da qoyulub. Bu qutudakı şikayətlər həftədə bir dəfə direktor tərəfindən açılır və araşdırılır.

S.Zeynalova deyir ki, məktəbə yeni direktor təyin olunduğu zaman şagirdlərin öz iradlarını bildirməkdən çəkindiklərini görüb: "Hər dəfə sinif otağına daxil olanda soruşurdum ki, uşaqlar, bəlkə sizin nədənsə narazılığınız, nə isə təklifiniz var? Gördüm ki, çəkinirlər, ona görə də qutu qoydum. Uşaqlara demişəm ki, heç biriniz oraya adınızı və oxuduğunuz sinifi yazmayın, yalnız iradınızı, təklifinizi yazın. Doğrudan da çox maraqlı şeylər yazırlar. Bəzən elə olur ki, mənim nədənsə məlumatım olmur, amma müəllimlə danışanda görürəm ki, həqiqətən də bu var".

Məktəbdəki şagirdlərin əsas şikayətlərinin nədən olmasına gəldikdə isə direktor deyir ki, onlar əsasən otaqlarının soyuq olmasından şikayətlənirlər.

Maraqlı məqamlardan biri də budur ki, bu məktəbdə həm müəllimlərə, həm də şagirdlərə çay pulsuz verilir.

Yeri gəlmişkən, köhnə binada yerləşən məktəbin yaxın illərdə təmir edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti