Azərbaycan, Bakı, 11 mart /Trend/
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Bakı 2015 Əməliyyat Komitəsi tərəfindən hər bir könüllüyə "Könüllülük pasportu" veriləcək.
ATGTİ-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı 2015 Əməliyyat Komitəsinin maliyyə dəstəyi ilə I Avropa Oyunlarının keçirilməsində könüllü qismində iştirak edəcək bütün könüllülərə könüllü fəaliyyətlərinin qeydə alınması üçün Azərbaycanda ilk dəfə ATGTİ tərəfindən tətbiq olunmuş "Könüllülük pasportu" təqdim edəcək.
Bu pasport gənclərimizə gələcək karyeralarını qurarkən lazım olacaq əlavə CV xarakteri daşıyır. Könüllülər göstərdiyi könüllü fəaliyyəti bu pasportda qeyd etdirməklə özünə ictimai aktivliyini əks etdirən yeni bir CV yaratmış olacaq. "Könüllülük pasportu"nda könüllülərin aktiv fəaliyyətinin qeyd olunması onların I Avropa Oyunları kimi digər mötəbər tədbirlərin təşkilatçısı qismində çıxış etməsi üçün zəmin yaradacaq.
"Könüllülük pasportu"nun verilməsində məqsəd onların göstərdiyi bu fəallığı qeydə almaqla onlara stimul vermək, respublikada könüllülük fəaliyyətinin qeydiyyatını aparmaqdır. Pasportlar ATGTİ tərəfindən qeydiyyata götürülür və ştamp vurularaq nömrələnir. Bu pasporta könüllülük fəaliyyəti göstərən hər bir gənc sahib ola bilər.