Azərbaycan, Bakı, 15 aprel /Trend/
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin Qalyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdüzzahirlə birgə Azərbaycanın Abşeron rayonu ilə Qalyubiyyə vilayəti arasında qardaşlaşma əlaqələri çərçivəsində Misirin Bənha şəhərində kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, xeyriyyə aksiyası çərçivəsində müxtəlif yaş kateqoriyalarına aid olan 250 kimsəsiz uşaq üçün Azərbaycan səfirliyinin və Misirin Qalyubiyyə vilayətinin birgə iştirakı ilə xüsusi nahar süfrəsi və əyləncəli musiqi proqramı təşkil edilib.
Bundan başqa, Misirin Bənha şəhərində kimsəsizlərdən ibarət 15 cütlük üçün birgə toy mərasimi keçirilib. Toy mərasimi ilə əlaqədar yeni ailə quran kimsəsizlərə Azərbaycan səfirliyi və "EgAz" (Misir-Azərbaycan) şirkəti tərəfindən cehiz hədiyyələr təqdim edilib və musiqi proqramı təşkil edilib.
Ş.Abdullayev tədbir zamanı Misirin televiziya kanalına müsahibə verərək, ehtiyacı olanlara əl tutmaq və onların problemlərinə şərik çıxmağın Azərbaycan xalqının təfəkküründə dərin köklərə malik olduğunu qeyd edib, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini bildirib.
Öz növbəsində, Qalyubiyyə vilayətinin qubernatoru M.Əbdüzzahir qardaşlaşma çərçivəsində belə bir xeyriyyə aksiyasının keçirilməsinə görə Azərbaycanın Misirdəki səfirliyinə təşəkkürünü bildirib və Azərbaycanın Abşeron rayonu ilə Misirin Qalyubiyyə vilayəti arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini, yeni imkanların yaradılacağını qeyd edib və Azərbaycanın bu çətin bir vaxtda dost Misirin yanında olmasından məmnun olduğunu vurğulayıb.
Qeyd edək ki, Misirdə kimsəsiz uşaqlarla bağlı səfirlik tərəfindən keçirilən xeyriyyə aksiyaları dörd ildir davam edir.
Tədbir Misirin televiziya kanallarında və yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.