Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Bu gün Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan "Azərkosmos" ASC-ni Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan edib.
ASC-dən Trend-ə verilən məlumata görə, "Azərkosmos" birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.
Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
Azərbaycanın gənclər və idman naziri, Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov bu əməkdaşlıq haqqında aşağıdakıları bildirib: "Azərkosmos" Azərbaycanda böyük əhəmiyyəti olan, rəğbətlə qarşılanan şirkətdir və Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, "Azərkosmos" beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının dəyərli, güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur".
"Azərkosmos" Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir.
ASC-nin sədri Rəşad Nəbiyev əməkdaşlıqla bağlı bunları bildirib: "Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir və biz bu cür mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. "Azərkosmos" ən son texnologiyadan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və Bakı-2015 Oyunların hazırlıq prosesi zamanı öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və biz birlikdə qalib komanda formalaşdıracağıq".
"Azərkosmos" Bakı-2015 Avropa Oyunlarının rəsmi dəstəkçiləri Azərsun Holdinq, Bazarstore, McDonald's Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Nestle, RedBull, Sitecore və Tickethour-un arasında yer alır.