...

Daha bir e-arayış "Elektron hökumət"ə inteqrasiya edildi

Cəmiyyət Materials 23 Aprel 2015 15:12 (UTC +04:00)
"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə səyləri nəticəsində daha bir e-arayış "Elektron hökumət" portalına inteqrasiya edilib.
Daha bir e-arayış "Elektron hökumət"ə inteqrasiya edildi

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə səyləri nəticəsində daha bir e-arayış "Elektron hökumət" portalına inteqrasiya edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" e-xidməti vasitəsilə artıq vətəndaşlar təhsil aldıqları ali və orta ixtisas təhsili barədə e-arayışı "Elektron hökumət" portalından asanlıqla əldə edə biləcəklər.

Vətəndaş portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olduqda avtomatik olaraq formalaşan e-arayışda aşağıdakı məlumatar öz əksini tapır:

- Vətəndaşın soyadı, adı və ata adı
- Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
- Qəbul üçün əsas
- Təhsil müəssisəsinin adı
- Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
- Təhsil səviyyəsi
- İxtisasın şifri, adı və təhsilalma forması
- Təhsil üzrə cari vəziyyət
- Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
- Diplomun verilməsi haqqında əmrin tarixi
- Diplomun növü

Əgər vətəndaş təhsil müəssisəsinə bir neçə dəfə qəbul olmuşdursa, onda hər bir qəbul olma ilə bağlı zəruri məlumatlar e-arayışda əks olunur. Qeyd edək ki, TQDK tərəfindən portal üzərindən təqdim olunan e-arayış "Tələbə-Məzun" dövlət elektron məlumat sistemi əsasında hazırlanıb. Sözügedən e-arayışdan faydalanmaq üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək mütləqdir.

"Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" e-xidməti sayəsində diplomlar haqqında daha səhih məlumat əldə etmək mümkün olacaq. Eyni zamanda, "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin portala inteqrasiyası nəticəsində tezliklə portal üzərindən "Elektron CV"-lərin formalaşdırılması da mümkün olacaq.

Qeyd edək ki, "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olan məlumatlar əsasən 1992-ci ildən hazıradək olan dövrü əhatə edir. TQDK tərəfindən elektron ərizə qəbulu 2008-ci ildən etibarən həyata keçirilir və həmin ildən başlayaraq, demək olar ki, bütün məlumatlar tam şəkildə FİN-ə (Fərdi İdentifikasiya Nömrəsi) uyğunlaşdırılıb. 2001-ci ildən 2008-ci ilə qədər dövr üzrə məlumatlar isə soyad, ad və ünvan üzrə Daxili İşlər Nazirliyinin "Giriş-cıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi ilə üzləşdirilib və tapılan FİN-lər sistemə əlavə edilib. Buna görə də 1992-2008-ci illər üzrə FİN-ə görə bəzi məlumatlar tapılmaya bilər.

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi 2012-ci ilin may ayından istifadəyə verilib. Ona görə də 2012-ci ildən başlayaraq ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslərin diplom haqqında məlumatları təhsil müəssisələri tərəfindən sistemə daxil edilib. Əvvəlki illərin buraxılış kontingentinin diplom haqqında məlumatları isə bəzi təhsil müəssisələri tərəfindən qismən sistemə daxil edilib. Bu səbəbdən də 2012-ci ilə qədər təhsilini başa vurmuş şəxslərin diplom haqqında və ya digər zəruri məlumatları sistemdə olmaya bilər.

Bu problemi aradan qaldırmaq üçün yaxın günlərdə "Əks əlaqə" xidməti aktivləşdiriləcək və FİN-ə görə məlumatları tapılmayan istifadəçilər aidiyyatı təhsil müəssisəsinə sorğu ünvanlaya biləcəklər. Sorğu əsasında vətəndaşın çatışmayan məlumatları sistem administratorunun (TQDK) nəzarəti altında təhsil müəssisəsi tərəfindən sistemə daxil ediləcək və bundan sonra FİN üzrə axtarış etmək və e-arayışı avtomatik formalaşdırmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti