...

Heydər Əliyev prospektinin digər yan yolu da təmir ediləcək (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2015 18:35 (UTC +04:00)
Heydər Əliyev prospektində təmir-abadlıq işləri davam etdirilir.
Heydər Əliyev prospektinin digər yan yolu da təmir ediləcək (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/

Heydər Əliyev prospektində təmir-abadlıq işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, I Avropa Oyunlarına hazırlıq dövründə müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir. Artıq Heydər Əliyev prospekti əsas yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Yolda yeni asfalt-beton örtüyü salınıb, ayırıcı zolaqlarda səki daşları qoyulub, tamet daşları döşənib, işıq dirəkləri rənglənib. Həmçinin zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.

Hazırda Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsi təmir işləri ilə əlaqədar nəqliyyat vasitələri üşün bağlıdır. Yan yolda da analoji işlər həyata keçirilir. Yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir, səki daşları dəyişdirilir, səkilərə tamet daşları döşənir, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında yaşıllıq zonası salınır.

Xatırladaq ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda "Azəryolservis" ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulur.

Təmirə bağlanmış yolda işlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində işlərin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə Heydər Əliyev prospektinin digər yan yolu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından "Koroğlu" metrostansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.

Qeyd edək ki, həyata keçirilən təmir və abadlıq işlərindən sonra Heydər Əliyev prospektinin görkəmi tamamilə dəyişəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti