...

Hacıbala Abutalıbovdan yanan binanın sakinlərinə çağırış: "Kimin sənədləri hazırdırsa, pulunu ala bilər" (ƏLAVƏ OLUNUB-4) (FOTO)

Cəmiyyət Materials 22 May 2015 14:30 (UTC +04:00)
Kimin sənədləri hazırdırsa, gedib pulunu bankdan ala bilər. Burada heç bir problem ola bilməz. Əgər hər hansı problem olarsa, biz bunu dərhal həll edəcəyik.
Hacıbala Abutalıbovdan yanan binanın sakinlərinə çağırış: "Kimin sənədləri hazırdırsa, pulunu ala bilər" (ƏLAVƏ OLUNUB-4) (FOTO)

İlk xəbər saat 14:24-də yayılıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Mehdiyev/

"Kimin sənədləri hazırdırsa, gedib pulunu bankdan ala bilər. Burada heç bir problem ola bilməz. Əgər hər hansı problem olarsa, biz bunu dərhal həll edəcəyik". Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda mayın 19-da yanmış 16 mərtəbəli yaşayış binasının sakinləri ilə İcra Hakimiyyətinin inzibati binasında görüşündə deyib.

O qeyd edib ki, yanmış binanın təmiri çox yüksək səviyyədə aparılacaq: "Bunun üçün büdcəmiz var. Əlimizdən gələni edəcəyik ki, bu dərdinizin müəyyən qədərini sizin üzərinizdən götürək".

H.Abutalıbov deyib ki, Bakı şəhərində 140-a qədər belə üzlüklü bina var: "Qərara aldıq ki, həmin binaların hamısının üzlükləri sökülsün. Bakı şəhərində bir dənə də olsun, belə üzlüklü bina qalmayacaq. Bu binalar ən yüksək səviyyədə təmir olunacaq".

H.Abutalıbov qeyd edib ki, yanan binanın sakinlərinin kirayə haqqı nə qədər olsa, dövlət tərəfindən ödəniləcək: "Siz sənəd gətirin, nə qədər olsa ödəniləcək. Biz kirayə haqqının az-çox olmasına baxmayacağıq".

H.Abutalıbov sakinləri şikayətlərini bildirməyə çağırıb: "Prokurorluq, polis var, gedin şikayətlərinizi edin. Bütün səbəbkarlar ən ciddi şəkildə cəzalandırılacaq. Əmin olun ki, heç kimə güzəşt olunmayacaq".

Görüşdə yanmış bina sakinləri də fikirlərini bildiriblər. Sakinləri dinləyən H.Abutalıbov bütün problemlərin, qaldırılan məsələlərin tezliklə həll olunacağını diqqətə çatdırıb. H.Abutalıbov vətəndaşları qanuni qaydada prokurorluq orqanlarına müraciət etməyə çağırıb.

H.Abutalıbov əlavə edib ki, ASAN xidmət sakinlərin sənədlərinin tezliklə qaydaya salınmasına lazımi köməklik göstərəcək.

O, sakinləri şikayətlərini bildirməyə çağırıb: "Prokurorluq, polis var, gedin, şikayətlərinizi bildirin. Bütün səbəbkarlar ən ciddi şəkildə cəzalandırılacaq. Əmin olun ki, heç kimə güzəşt olunmayacaq".

Onun sözlərinə görə, sakinlərə müavinətlərin verilməsi üçün lazım olan sənədlərin hazırlanması məqsədilə "ASAN xidmət" ən tez zamanda iş görəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, ödənilən 20 min manat ilkin məbləğdir. Onun sözlərinə görə, aparılan araşdırmalardan sonra hər bir sakinə fərdi qaydada yanaşılacaq: "İlkin 20 min manatı artıq ala bilərsiniz. Kimin maşını, mebeli və digər əşyaları yanıbsa, yazılı qaydada prokurorluğa müraciət etsin. Sonra bu araşdırmaların nəticəsində sakinlərə əlavə vəsait ödəniləcək".

H.Abutalıbov qeyd edib ki, üzlüklərin sökülməsi ilə bağlı xərclər həmin üzlüklərin istehsalçısı olan şirkət tərəfindən ödəniləcək.

Görüşdən sonra sakinlər müvafiq sənədlərin alınması üçün "ASAN xidmət" mərkəzinə gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti