Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Sumqayıt şəhərində yararlılıq müddəti bitmiş, istehlaka yararsız külli miqdarda kolbasa və ət məhsullarının yenidən satışa çıxarılması aşkar edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qurumun Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Səfərəliyev Kamil Sədyar oğluna məxsus anbarda yoxlama aparılıb.
Araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2085 kq yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.
Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.
Fakt üzrə araşdırmalar davam etdirilir.