...

Xədicə İsmayılovanın məhkəməsində zərərçəkənin və şahid ifadələri dinlənilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Avqust 2015 14:55 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xədicə İsmayılovanın məhkəməsində zərərçəkənin və şahid ifadələri dinlənilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev zərərçəkən Tural Mustafayevdən ötən iclasda iştirak etməməsinin və prosesə məcburi gətirilməsinin səbəbini soruşub.

T.Mustafayev səhhətində problemlər olduğu ilə bağlı məhkəmə prosesinə gələ bilmədiyini deyib.

Sonra X.İsmayılova Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə vəkili Yalçın İmanovla müdafiəsinin təşkili üçün imkanların yaradılmasını, eyni zamanda, bəzi texniki məsələlərin - həftədə iki dəfə telefonla danışmaq hüququndan istifadə etməsinin təmin olmasını istəyib.

Daha sonra X.İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev T.Mustafayevin mayın 3-də və avqustun 4-də "Yeni Musavat" qəzetinə verdiyi müsahibələrin sübutların siyahısına daxil edilməsi barədə vəsatət qaldırıb.

Hakim bu vəsatəti açıq saxladığını bildirib.

Sonra zərərçəkən T.Mustafayev ifadə verib. O, intiharlarının X.İsmayılova ilə bağlı olmadığını deyib. 2014-cü ildə 3 dəfə - may, sentyabr və oktyabr aylarında intihara cəhd etdiyini deyən T.Mustafayev qeyd edib ki, özünəqəsdin səbəbləri keçmiş nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərində olan problemlər və əsəblərinin zəifliyi olub.

O, X.İsmayılova ilə 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olduğunu deyib. Zərərçəkən X.İsmayılova ilə aralarında qadın-kişi münasibətlərinin olmadığını söyləyərək, dostluq münasibətlərinin olduğunu deyib.

T.Mustafayev əlavə edib ki, 2014-cü ilin yanvar-fevral aylarına qədər X.İsmayılova ilə münasibətləri yaxşı olub. 2013-cü ilin noyabrından "Azadlıq" radiosundan şəxsi istəyi ilə işdən çıxdığını deyən zərərçəkən X.İsmayılovaya sms-ləri və internet yazışmalarını dostları ilə məsləhətləşərək yazdığını bildirib.

T.Mustafayev özünü zərərçəkmiş hesab etmədiyini də deyib.

Sonra hakim T.Mustafayevin istintaqa verdiyi ifadə ilə hazırki ifadəsi arasındakı kəskin ziddiyyətin olduğunu söyləyərək zərərçəkənin istintaqa vermiş olduğu ifadəsini prosesdə elan edib.

Hakim bildirib ki, ifadədə deyilir ki, 2013-cü ilin oktyabrında T.Mustafayev Sabirabad rayonundan tədbirdən gəldikdən sonra X.İsmayılova ilə birgə alkoqollu içkilər içiblər və İsmayılova ona intim münasibətdə olmağı təklif edib, T.Mustafayev də razılaşıb. T.Mustafayev dəfələrlə X.İsmayılovanın evində gecələyib, onlar tez-tez görüşüblər. X.İsmayılova dəfələrlə onun şərəf və ləyaqətini alçaldıb. Bu səbəbdən T.Mustafayev intihar etmək qərarına gəlib.

Daha sonra dövlət ittihamçısı zərərçəkəndən ifadələr arasında hansı səbəbdən ziddiyyətlərin yaranmasını soruşub. T.Mustafayev isə bildirib ki, psixoloji durumu ilə əlaqədar X.İsmayılovaya böhtan atıb.

Sonra ifadə verən T.Mustafayevin anası Nəzakət Mustafayeva oğlunun intiharları barədə xəbər tutmadığını və dərmanla zəhərləndikdən sonra telefonla ona məlumat verildiyini deyib. N.Mustafayeva oğlunun psixi qüsurlu olmadığını söyləyib. N.Mustafayeva deyib ki, oğlu T.Mustafayev Bakıya gəldikdən sonra ailəsinə qarşı onun münasibətində soyuqluq yaranıb. T.Mustafayevin 2014-cü ilin mayın 8-də ilk nikahı pozulub.

Həmin ilin mayın 28-də isə T.Mustafayev Rövşanə Rəhimova ilə nişanlanıb. N.Mustafayevanın sözlərinə görə, Tural anasına intiharın səbəblərini "həyatdan bezmişəm" - deyərək izah edib.

Prosesdə sonra ifadə verən T.Mustafayevin keçmiş nişanlısı R.Rəhimova bildirib ki, onlar 6-7 ay müddətində nişanlı olublar. R.Rəhimova qeyd edib ki, T.Mustafayevin 3 dəfə intihara cəhd etməsinin səbəbi X.İsmayılova ilə bağlı olmayıb, onun psixoloji problemləri olub. Şahid sonra T.Mustafayevlə dəfələrlə arasında mübahisələr olduğunu, onun tez-tez spirtli içkilər qəbul etdiyini deyib.

Bu zaman T.Mustafayevin anası N.Mustafayeva şahid ifadəsinə etiraz edərək R.Rəhimovaya "Mən Göyçayda sənin elə içməyinə utandım, "pyaniskə" o özüdür" - deyərək məhkəmə zalını tərk edib.

İfadəsini davam etdirən R.Rəhimova əlavə edib ki, T.Mustafayevin psixoloji problemləri olması ilə bağlı həkimə müraciət ediblər, həkimlər ona qoyulan diaqnozun müalicəsinin olmadığını bildiriblər.

R.Rəhimova qeyd edib ki, son dəfə 2014-cü ilin oktyabrın 15-də T.Mustafayevlə böyük münaqişələri olub. Şahid T.Mustafayevin 25 gün Maştağada yerləşən ruhi-əsəb dispanserdə müalicə olunduğunu deyib.

Şahidin sözlərinə görə, T.Mustafayev onunla görüşdüyündə X.İsmayılova ilə dost olduğunu söyləyib. Daha sonra R.Rəhimova dövlət ittihamçısının suallarını cavablandırıb.

Sonra prosesdə fasilə elan olunub.

x x x

Məhkəmə prosesində fasilədən sonra X.İsmayılovanın vəkilləri T.Mustafayevin zərərçəkmiş qismində tanınmasına xitam verilməsi ilə bağlı vəsatət qaldırıblar.

Lakin dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqı zamanı aparılan araşdırmalar nəticəsində T.Mustafayevin zərərçəkmiş qismində tanınmaması üçün əsaslar olmadığı müəyyən edilib.

Məhkəmə kollegiyası vəsatəti baxılmamış saxlayıb.

Sonra şahid qismində T.Mustafayevin atası Bulud Mustafayev ifadə verib. O deyib ki, oğlu Bakıya gəldikdən sonra içkiyə meyl etməyə başlayıb və onun həyatında problemlər yaranıb, hətta həkimlər onun depressiyaya düşdüyünü bildiriblər.

B.Mustafayev istintaqa verdiyi ifadəsində deyib ki, T.Mustafayev "Azadlıq" radiosundan işdən çıxarkən bunu X.İsmayılovanın ona qarşı təzyiqləri nəticəsində etdiyini deyib. Bundan başqa, şahid ifadəsində oğlu T.Mustafayevin X.İsmayılova ilə sonradan münasibətləri düzəldikdən sonra onun köməkliyi ilə "Meydan TV"-yə işə düzəldiyini söyləyib. B.Mustafayev ifadəsində onu da bildirib ki, T.Mustafayev sonra bu işindən də X.İsmayılova ilə yenidən korlanan münasibətləri ucbatından çıxıb. Şahidin sözlərinə görə, bundan sonra oğlu bir neçə media qurumuna işə düzəlmək üçün müraciət etsə də, həmin qurumların rəhbərlərinin X.İsmayılova ilə münasibətləri yaxşı olduğu üçün T.Mustafayev işə düzələ bilməyib. Onun sözlərinə görə, oğlu T.Mustafayev X.İsmayılova ilə görüşərək ondan əl çəkməsini istəyib. B.Mustafayev rədd cavabı alan oğlu T.Mustafayevin intihara cəhd etdiyini deyib.

Bu gün keçirilən məhkəmə prosesində şahid qismində ifadə verən T.Mustafayevin atası B.Mustafayev bu ifadələrini qismən təsdiq etdiyini söyləyib.

B.Mustafayev onu da əlavə edib ki, oğlu bir müddət psixoloji vəziyyəti ilə bağlı xəstəxanada müalicə olunub.

Sonra T.Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Rəsulova şahid qismində ifadə verib. O deyib ki, T.Mustafayev Bakıya gəldikdən sonra içkiyə qurşanmağa başlayıb və ailəsinə qarşı münasibətləri soyuyub. Ş.Rəsulova sonra T.Mustafayevlə boşanmaq qərarına gəldiklərini deyib. Göyçayda yaşayarkən ailə münasibətlərinin yaxşı olduğunu söyləyən şahid Ş.Rəsulova bildirib ki, T.Mustafayev Bakıya gəldikdən və "Azadlıq" radiosunda çalışmağa başladıqdan sonra ailəsi ilə münasibətləri korlanıb.

Bundan sonra məhkəmə prosesində digər şahidlər - Gülnaz Quliyeva, "Azadlıq" radiosunda xadimə işləyən Mətanət Abdinova, Şahvələd Namazov, Çingiz Sultanov və Mahirə Ağayeva şahid qismində ifadə veriblər. Bundan sonra isə şahidlər dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.

Prosesə sədrlik edən hakim R.Allahverdiyeva bununla məhkəmə prosesinin növbəti iclasının yekunlaşdığını bildirib.

Məhkəmə prosesi sabah saat 11-də davam etdiriləcək.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti