...

"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar – ARAŞDIRMA

Cəmiyyət Materials 14 Oktyabr 2015 17:53 (UTC +04:00)
“Ağıllı lövhə” informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar – ARAŞDIRMA

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Ağıllı lövhə" informasiyanın eşidilmə və göstərilmə baxımından daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir. Azərbaycanın orta məktəblərində tədrisin daha yaxşı mənimsənilməsinə yardım edən bu lövhələrdən bir neçə ildir istifadə edilməyə başlanılıb. Adi lövhələrdən bir çox üstünlüklərinə görə fərqlənən "ağıllı lövhə"lər müəllimin dərsə hazırlaşmaq üçün sərf etdiyi vaxta qənaət etməyə, materiallar əsasında tədris resursları bazası yaratmağa və müxtəlif səbəbdən dərs buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün mövzunun qısa müddətdə yenidən izah edilməsinə şərait yaradır.

Bütün bu üstünlüklərinə baxmayaraq, bəzən valideynləri bir məsələ də narahat edir. Görəsən, bu lövhələr övladlarımızın sağlamlığı üçün zərərli ola bilərmi?

Göz həkimi Təhməzi Rəzzaq Trend-ə bildirib ki, elektron lövhələr sağlam uşaqlar üçün heç bir problem yaratmır, onun şüası zərərli hesab edilmir. Lakin ona uzun müddət baxdıqda gözdə quruluq yarana və uşaq gözünü daha tez-tez qırpmağa başlaya bilər. Bu isə gözdə sonradan hər hansı problemin yaranmasına gətirib çıxara bilər.

Mütəxəssis bildirib ki, buna görə də problemin əvvəlcədən aradan qaldırılması - gözdə quruluğun yaranmasının qarşısını almaq üçün apteklərdə satılan, süni göz yaşları hesab edilən dərmanlardan istifadə edilməlidir.

Həkim qeyd edib ki, uşaqlar elektron lövhə ilə müqayisədə planşetlərə daha yaxından baxırlar: "Yaxından baxmaq isə nəinki uşaqlarda, hətta böyüklərdə gözün zəifləməsinə səbəb olur. Buna görə də planşetlərə baxarkən, eləcə də kitab oxuyarkən onu gözdən 35 sm-dən artıq bir məsafədə tutmaq lazımdır".

T.Rəzzaq bildirib ki, gözdə problem yaratmamaq və ya gözün mövcud problemini dərinləşdirməməkdən ötrü planşetlərdə şrifti mümkün qədər böyütməyə çalışmaq lazımdır.

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, hazırda "Elektron məktəb" layihəsinə 43 ümumtəhsil məktəbi cəlb olunub.

Nazirlikdən qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə təqdim olunan elektron lövhələr təhsil üçün nəzərdə tutulduğundan onlar şagirdlərin sağlamlığına zərərli deyil. Buna görə də valideynlərin bununla bağlı narahatlığına əsas yoxdur.

Təhsil Nazirliyi valideynlərin narazılığı əsasında hər hansı sinif otağında elektron lövhə və planşetlərdən istifadənin dayandırılması hallarının olub-olmamasına da aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, indiyədək bu kimi hallara rast gəlinməyib.

Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru Elşən Qafarov Trend-ə bildirib ki, elektron lövhələrin şagirdlərin sağlamlığına hər hansı ziyan vurmaması üçün onlar sinif divarının tən ortasında şagirdlərin boyu, görmə məsafəsi nəzərə alınmaqla quraşdırılmalıdır. Bu baxımdan əsas problem elektron lövhələrin sinif otaqlarında quraşdırılması ilə bağlı olur. Çünki bəzi hallarda siniflərdə lövhələrin quraşdırılması üçün tələb olunan şərait olmur. Digər tərəfdən, otaqda elektron lövhələrdən başqa ənənəvi istifadə edilən taxta lövhələrin də qalması lazım olur.

Pedaqoq deyib ki, elektron lövhələr dünyanın ən tanınmış şirkətləri tərəfindən bütün təhlükəsizlik tələblərinə əmək edilməklə istehsal olunur. Həmin lövhələr Təhsil Nazirliyi tərəfindən sınaqdan keçirildikdən sonra məktəblərdə yerləşdirilir. Buna görə də onların şagirdlərin sağlamlıqlarına heç bir ziyanı yoxdur.

E.Qafarov hesab edir ki, bu lövhələr müəllimlərin dərsi daha rahat keçməsinə, şagirdlərin də dərsi daha yaxşı qavramasına imkan verdiyindən tədris prosesində onlardan daha çox istifadə etmək, bu təcrübəni genişləndirmək daha yaxşı olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti