...

Bakıda yeni sürüşmə mənbələri

Cəmiyyət Materials 15 Dekabr 2015 08:04 (UTC +04:00)
Bakıda bəzi hallarda süni təpəciklər münasib olmayan yerlərdə salınır ki, bu da gələcəkdə böyük fəsadlara səbəb ola bilər.
Bakıda yeni sürüşmə mənbələri

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda bəzi hallarda süni təpəciklər münasib olmayan yerlərdə salınır ki, bu da gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib.

Onun sözlərinə görə, yaşıllıqlar, eyni zamanda təpəciklər salınan zaman, ilk növbədə, hər hansı ərazinin geooloji quruluşu, infrastruktur vəziyyəti nəzərə alınmalıdır: "Əsk halda, bu təpəciklər gələcəkdə böyük fəsadlara - böyük sürüşmələrə səbəb ola bilər".

Baş direktor qeyd edib ki, yağış və qar bu təpəciklərdəki bütün tökmə torpağı yuyub apara bilər: "Buna görə də mütləq bu amillərin hamısı nəzərə alınmalı, onlar salınarkən şəhərin infrastrukturu üzrə mütəxəssislərlə məsləhətləşmək lazımdır. Elə sahələr var ki, orada süni təpəciklərin salınması üçün yerlər münasib seçilir. Lakin bəzi hallarda münasib olmayan yerlərdə təpəciklər salınır. Təpəciklər salınır, 5-10 gündən sonra isə həmin ərazi plana düşür, onu götürmək məcburiyyətində olurlar. Ancaq mən düşünürəm ki, onları saldıqda ehtiyatlı olmaq lazımdır. Onların salınmasına sərf edilən xərclər, saxlanması, suvarılması xərcləri var. Bəzən görürsən ki, baxılmır, quruyub gedir. İnsanlar arasında da çaşqınlıq yaranır ki, baxılmırdısa, onu nə üçün yaradırdınız?".

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında - Sumqayıt-Bakı yolunda sürüşmə-çökmə prosesinin baş verməsinə antoropogen amillər, yəni yol kənarındakı təpələrdə sulama işlərinin aparılması səbəb olub. Onun sözlərinə görə, təpə sulanarkən sular yeraltı axarla asfaltın çökməsinə səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə Trend-ə bildirib ki, yolda avtomobillər hərəkət etdiyindən, eyni zamanda müəyyən bərkitmə işləri görüldüyündən ərazidə monitorinq işləri apara bilmirlər: "Amma topoqrafik işlərin nəticəsinə görə, 16 metrlik istinad divarında Avtovağzala tərəf hərəkət yoxdur. Digər istinad divarında isə 2-3 mm-lik hərəkət qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti