Bakı. Trend:
Türkiyənin Giresun Universitetində Bakıda gerçəkləşdirilən qətliam və Azərbaycan xalqının qəhrəmanlıq günü olan 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, universitetin Tələbə Şurasının dəstəyi ilə Fənn Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə universitet şəhərciyindəki Qafqaz İslam Ordusu Şəhidləri Abidəsi ziyarət edilmiş, abidə önünə qərənfil düzülmüş və şəhidlərin ruhuna dualar oxunmuşdur.
Daha sonra universitetin konfrans zalında "20 yanvar Bakı qətliamı" adlı elmi konfrans keçirilmişdir. Konfransda Giresun Universitetinin Rektoru Professor Aygün Attar, Türkiyə Jandarma Qoşunları Region Komandanı General Mustafa Doğru, universitetin prorektorları, dekanlar, müəllimlər və tələbələr iştirak etmişdir. Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunmasından sonra konfransda Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin müəllimi Araz Aslanlı məruzə ilə çıxış etmişdir. Araz Aslanlı çıxışında 20 yanvar hadisələrini fərqli istiqamətlərdən dəyərləndirmiş, bu hadisələri Azərbaycanın qəhrəmanlıq tarixinin vacib bir mərhələsi kimi qiymətləndirmişdir. O qeyd etmişdir ki, 20 yanvar işğalçılıqla mübarizənin vacib bir yekunu, eyni zamanda müstəqilliyin dönülməzliyinin başlanğıcıdır. 20 yanvar hadisələri və qətliama cavab olaraq daha çox sayda insanın şəhidlərin dəfni mərasiminə toplanması göstərmişdir ki, bundan sonra heç bir güc Azərbaycanın müstəqilliyini əlindən ala bilməyəcəkdir.
Daha sonra çıxış edən Giresun Universitetinin Rektoru Professor Aygün Attar Araz Aslanlıya təşəkkür edərək, Türk millətinin, 20 yanvar qətliamını heç bir zaman unutmadığını və unutmayacağını vurğulamışdır. Professor Aygün Attar özünün də iştirakçısı olduğu o qəhrəmanlıq gecəsinə dair bəzi xatirələrini də konfrans iştirakçıları ilə bölüşmüşdür.
Konfransın sonunda Türkiyə Jandarma Qoşunları Region Komandanı General Mustafa Doğru, çıxışından dolayı Araz Aslanlıya təşəkkürnamə təqdim etmişdir.