...

Kaş, üstümdən nəvəmin qoxusu gələydi (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2016 11:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı
Kaş, üstümdən nəvəmin qoxusu gələydi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı

Ora müxtəlif vaxtlarda, fərqli iş yerlərindən getmişəm, qəzetlərdən, saytlardan, televiziyadan reportaj hazırlamaq üçün, yaxud xeyriyyə aksiyası adı altında. Ahıllar artıq məni yaxşı tanıyırlar, bir az gec gedəndə ərkyana qınayırlar ki, niyə filan vaxt gəlməmişdin? Hər gedəndə hansınısa görmürəm sıralarında, soruşmağa ürək eləmirəm, çünki bir dəfə hansınısa soruşub hüznlü xəbər almışam. Hər dəfə sıralarının artdığını da görürəm, yeni ahılla tanış oluram. Onunla da dostlaşırıq, balaca uşaqlara xas kövrəklik və ərkəsöyünlüklə onun da ünsiyyətə ehtiyac hiss etdiyini, adama sığınmağa hazır olduğunu görürəm.

Bu, son vaxtlar ora ikinci gedişim idi. Hər ikisində də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan. Söhbət Bilgəhdəki Əmək və müharibə veteranları pansionatından və oranın sakinlərindən gedir.

Keçən dəfə "Fikir şənbəsi" klubunun tədbirlərindən birini Müəllimlər günü ərəfəsində bu pansionatda keçirmişdik. Pansionatın kitabxanasına da 150-dən artıq bədii və elmi kitab hədiyyə etmişdik. Keçmiş müəllimlərin kitaba marağını görüb bir də onların yanına məhz kitab hədiyyəsi ilə gələcəyimizə söz vermişdik.

Xanım adlı ağbirçək müəllimə bizdən Əliağa Vahidin qəzəlllərini istəmişdi. Peşəkar rəssam olan Davud müəllim isə ona rəssamlıq ləvazimatları ilə kömək göstərməyimizi xahiş etmişdi. Bu dəfə yenə "Fikir şənbəsi" klubunun növbəti tədbiri ilə yolumuzu pansionatdan saldıq. Həm Xanım müəllimə, həm də Davud müəllim üçün əlidolu getdik. Özümüzlə bəziləri kiril qrafikası ilə Azərbaycan dilində, bəziləri rus dilində xeyli bədii ədəbiyyat da götürmüşdük.

Elə isti qarşıladılar ki, bizi. Oturub yolumuzu gözlədiklərini darvazadan həyətə girən kimi hiss elədim. Pansionatın rəhbərliyi Davud müəllim üçün emalatxana da ayırıb. Rəssam bizim ona gətirdiyimiz boyanı, kətanı, fırçanı görüb "Mən daha bu emalatxanada işləyib-işləyib elə burda da öləcəm. Ən böyük arzum bir otağım bir də ləvazimatlarımın olması idi. Daha heç nə lazım deyil mənə. Gələn dəfə sizə işlərimi göstərəcəm"- dedi.

Xanım müəlliməyə isə elə bil Əlağa Vahidin qəzəllər kitabı ilə birgə danyanı bağışlamışdıq. O qədər sevindi ki, öz-özümə "axı biz neynəmişik ki?" - deyə düşündüm. Bir şeyi anladım ki, bir insana dünya boyda sevinc bəxş etmək üçün böyük işlər görməsən də olar, yetər ki, onun nə istədiyini biləsən. Bəzən ən xırda hədiyyə belə insan ömrünü uzadacaq gücə sahibdir.

Oturduq elə Bilik Fondunun onlara hədiyyə elədiyi kitablar düzülmüş yeni kitabxanada söhbətləşdik, dərdləşdik deyərdim, hətta. Rəna xanımın sözləri ürəyimi parçaladı. Gördüm çox sınıqdı, elə bil, sakini olduğu yerdən utanır. Dedim ki, "niyə axı, belə fikir edirsiniz, sakit oturmusunuz, nəvə-nəticə qulağınızı dəng eləmir, incidən yoxdur?" - istədim onun qəlbinə rahatlıq gətirəcək sözlər deyim, amma deyəsən əksinə oldu, qəlbinin incə telinə toxundum bilmədən. Cavab verdi ki, qızım, kaş, nəvəm-nəticəm yanımda olaydı, onların səs-küyündən qulaqlarım tutulaydı. Kaş, üst-başımdan onların qoxusu gələydi... Daha deməyə söz tapmadım, yalnız qucaqladım onu.

Bizə nə vaxtsa oxuduqları kitablardan bəhs etdilər, sevdikləri qəhrəmanlardan danışdılar, fikir mübadiləsi keçirdik. Zarafatla hansı qəhrəmanı daha çox sevdiklərini, həyatda o qəhrəmanlarla rastlaşıb-rastlaşmadıqlarını soruşdum onlardan. Sevgisindən danışan da oldu, nakam məhəbbəti üçün ağlayan da.

Nədənsə, ahılların əksəriyyəti ziyalı, oxumuş insanlardır. Kitab üçün çox təşəkkür elədilər bizə. Bəziləri yeni kitablar "sifariş elədi". Kimisi Ramiz Rövşənin, kimisi Çingiz Abdullayevin, bəzisi Şəhriyarın şeirlər kitabını istədilər bizdən. Demək, yenə getməyə bəhanəmiz olacaq. Söz verdim ki, istədiklərini onlara Novruz bayramı ərəfəsi çatdıracağıq.

Ahıllar Ramiz Rövşənlə, aktyor Nurəddin Mehdixanlı, qiraətçi Ağalar Bayramovla görüşmək istədiklərini dedilər.

Adam onlardan ayrılmaq istəmir. Bu gün həyatımızda çox az rast gəlinən insanpərvərlik, istilik var onlarda. Onlarla ünsiyyətdə insan kimi gərəkli olduğunu hiss edirsən, bu da çox gözəl hissdir.

Mən bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sayəsində xeyirxah iş gördüm, demək bu günü yaşadım.

Bilgəhin küləkli havasında qapının arasından bizə əl eləyib - "Bir də gəlin, tez-tez gəlin, gözləyəcəyik" - demələri ta onların yanına bir daha gedəcəyim günə qədər yaddaşımdan silinməz.

Bütün təşkilatları, fiziki şəxsləri bu gün biz yaşayan zövqü yaşamağa səsləyirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti