Yunus Oğuz
"Azərbaycanın geosiyasəti"
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Hörmətli professorun dahiyanə öncədən yazdığı fikirlər özünü çox gözlətmədi. Iki məsələnin üzərində dayanım. Məlumdur ki, 2016-cı ildən başlayaraq İrana qoyulan iqtisadi embarqo aradan qaldırıldı. Bu zaman İran Respublikası regionda yenidən əsas oyunçulardan birinə çevrilməyə cəhd edəcək. Buna onun zəngin neft-qaz ehtiyatları imkan versə də, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin çox zəif olması, habelə transmilli infrastrukturların təhlükəsizliyinin təmin olunmaması uzun müddət bu regionda dominantlığa imkan verməyəcək. Buna heç regionun əsas oyunçusu olan Azərbaycan da imkan verməyəcək. Lakin, bütün bunlarla yanaşı rəsmi Tehran regionda nəqliyyat-kommunikasiya xətlərinin və ixrac marşrutlarının ölkəmizdən ötürülməsində tərəfdaş rolunu oynayan Gürcüstanı bəzən şirnikləndirə bilir. Bunun da bir neçə səbəbi var:
- Birincisi, Gürcüstan demək olar ki, alternativ marşrut axtarışındadır və İran qazını Ermənistandan keçməklə (eyni zamanda Ermənistanı layihə iştirakçısına çevirir) əsas qaz xəttinə qoşmaq istəyir.
- İkincisi, rəsmi Tiflis belə bəyanat verməsə də, ona yaxın dairələr bu fikri cəmiyyətdə dövriyyəyə buraxmaqla Azərbaycan tərəfinə təzyiq göstərməklə Gürcüstana satılan qazın ixrac qiymətini aşağı salmağa çalışırlar.
Lakin, Azərbaycan prezidentinin noyabr 2015-ci ildə Tiflisə rəsmi səfəri bu məsələnin çözülməsində mühüm rol oynasa da tam həll olunmadı. Amma fakt odur ki, İran da gələcəkdə TAP və TANAP layihələrinə qoşulmaq istəyirsə, bu hökmən Azərbaycan tərəfindən razılığa gəlinməlidir, çünki bu yeni qaz kəmərinə Azərbaycandan qoşulmaq İrana həm ucuz başa gəlir, həm də məsafə azlığı özünü biruzə verir.
Ikinci bir məsələni də qeyd edim. Belə ki, bu məsələdə Azərbaycanın hansı vacib tranzit rolunu oynadığına bütün dünya şahid oldu. Orta Asiya və Mərkəzi Asiya bir daha əmin oldu ki, alternativ marşrutu və sərfəli qiyməti ilə seçilən region dövlətləri tranzit yükdaşımaların təhlükəsizliyinin şahidi oldular. Hər şey ondan başladı ki, Türkiyənin (noyabrın 24-ü, 2015) qırıcı təyyarəsi Rusiyanın bombardmançısı SU-24 təyyarəsini birincinin ərazi hüdudlarına daxil olduğu üçün vurdu. Bundan sonra Rusiya Türkiyə tərəfinə qismən iqtisadi qadağalar tətbiq etməyə başladı. Bunlardan biri də Orta Asiya və Mərkəzi Asiyaya daşınan yüklərin sərhəddə qalması, çoxalması və problemlərin gündən-günə artması idi. Azərbaycan bundan dərhal istifadə edərək, hətta tranzit haqqını aşağı salaraq özünün alternativ marşrutunu təklif etdi. Bu isə Azərbaycan tərəfindən transmilli infrasturkturların təhlükəsizliyi və onların işlək vəziyyətdə olması ölkəmizin büdcəsinə əlavə milyonlarla manatın daxil olması ilə yanaşı, yüklərin daşınması marşrutu üzərində yaşayan əhalinin rifahının daha da artması, gəlirlərin çoxalması deməkdir. Xəzər dənizindən Qazaxıstana və Türkmənistana daşınan yüklərin dövriyyəsi artdıqca, Azərbaycanın da regionda nüfuzu və rolu daha da artmağa başladı.
Müəllif Əli Həsənov məşhur amerikalı politoloq Zbiqnev Bjezinsiyə istinadən yazır ki, qlobal dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqları Avrasiyada, xüsusən də Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda həll olunur. ABŞ siyasətşünası bu böləgəni "dünya siyasətinin taleyinin həll olunduğu böyük şahmat lövhəsi" kimi təqdim edir və ABŞ-ı, Qərb dünyasını öz əsas güclərini bu bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək verməyə, onları Rusiyanın geosiyasi təsir dairəsindən azad edərək, inkişaf etmiş Avropa ölkələri ilə inteqrasiya etdirməyə çağırır. Onun fikrincə, Qərb ilk növbədə bölgənin Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan kimi müstəqil siyasət yürüdən dövlətlərinin transmilli geosyasi və geoiqtisadi layihələrini dəstəkləməli və onların vasitəsilə özünün bu bölgədəki stareji mövqelərini gücləndirilməlidir.
Doğurdan da bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi, özünün təhlükəsizlik maraqlarını, o cümlədən dövlət mənafeyini irəli çəkib qabartmaqla kimlərinsə xoşuna gəlməsə də, hətta qəzəbləndirsə də əksəriyyət tərəfi bunu dəstəkləyir və təqdir edir. Sözsüz ki, bu regionda qlobal oyunçuların maraq və mənafeləri toxunur və getdikcə də rəqabət daha da güclənir. Müəllif yazır: "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda təhlükəsizlik ölçüləri ilə bağlı bəzi məsələlər üzrə bölgənin kiçik və böyük dövlətlərinin milli maraqları ilə transmilli beynəlxalq maraqlar üst-üstə düşsə də, digər məsələlərdə mənafelər ciddi surətdə toqquşur. Bölgədə müasir transmilli maraqların daşıyıcısı rolunda ABŞ, Avropa Birliyi dövlətləri və hərbi-geostrateji anlamda onları təmsil edən NATO, ayrıca Çin, Yaponiya kimi böyük və inkişaf etmiş dünya ölkələri, onları təmsil edən qobal korporasiyalar, regionun geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqların əsas daşıyıcısı qismində isə Rusiya, Türkiyə, İran, Ukrayna, Azərbaycan və Gürcüstan kimi müstəqil ölkələr çıxış edirlər". (Bax. s. 773-774)
Bu deyilənlərdən əlavə, qeyd etmək gərəkdir ki, Xəzər-Qara dəniz hövzəsinə, Cənubi Qafqaz regionunun regional təhlükəsizlik mühitinə təsir edən amillər- elə bu regionda mövcud olan dövlətlər- Azərbaycan, Ermənistan və Gürcüstan var, Maraqlıdır ki, hər üç dövlət bu məkanda müxtəlif siyasət yürüdür. Belə ki, Azərbaycan NATO və Qərb, eyni zamanda Rusiya və KTMT ilə müəyyən məsafə saxlayaraq hər iki tərəflə tərəfdaşlıq və əməkdaşlıq meyili nümyiş etdirsə də, Ermənistan və Gürcüstan haqqında bunları söyləmək olmaz. Birinci Cənubi Qafqazda Rusiyaya söykənərək işğalçılıq siyasəti aparırsa da ikincisi isə bunun tam əksinə olaraq Qərb və nato ilə əməkdaşlıq edir. Taktiki olaraq əgər Ermənistan regionda Rusiyanın forpostu hesab edilirsə, gələcəkdə Gürcüstanı Qərbin forpostu, yaxud NATO alyansının "Şərqə doğru" proyektində Cənubi Qafqazda ilk dövlətio hesab etmək olar. Bütün bunlara baxmayaraqAzərbaycan tərəfi Ermənistanı bütün strateji transmilli layihələrdən kənarda saxlasa da, Gürcüstan münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəltdi.
Hazırda Cənubi Qafqaz regionun üç nisbi bloklaşmaya rast gəlmək olar. Nisbi ona görə yazıram ki, bir dövlət bəzən digər bloklaşmanın (əgər geomaraqlar buna imkan verirsə) fəaliyyətində iştirak edir.
Müəllif bu bloklaşmanı "geosiyasi bloklaşma" (s. 776) adlandırır.
Birinci "geosiyasi bloklaşma"ya Rusiya və Ermənistan daxildir. Nəzərdən qaçırtmaq olmaz ki, Rusiya-Ermənistan arasındakı hərbi müttəfilqik müqaviləsi 2010-cu ildə daha 49 il müddətinə uzadıldı. Bununla da Ermənistan hərbi-geostrateji baxımından Rusiyaadan tam asılılığını tam təsdiq etdi.
Birinci "geosiyasi bloklaşma"ya müxtəlif məsələlərə münasibətdə, əgər geosiyasi və geoiqtisadi maraqlar üst-üstə düşərsə İran da dəstək verir. Lakin, regionda digər fəsillərdə qeyd etdiyimiz kimi regionda Rusiya və İranın geosiyais və hərbi-geostrateji maraqları kəsişmədiyindən Rusiya heç vəchlə İranı Qafqaz regionuna buraxmaq istəmir. Bununla yanaşı Rusiya İranla hərbi müttəfiqlikdən qaçmır, hətta öz silahlarını bu dövlətə satır, (məsələn bu yaxınlarda hər iki tərəfin razılığı ilə Rusiya İrana S-300 zenit rajetlərini satdı).
İkinci "geosiyasi bloklaşma"ya açıq-aydın görünən, Rusiyadan üz döndərən Gürcüstan və NATO daxildir. Nato Gürcüstna vasitəsilə hərbi-geostrateji maraqlarını həyata keçirməyə çalışırsa, Avropa Birliyi bu ölkədən keçməklə, bütövlükdə, Azərbaycan da daxil olmaqla regionda geoiqtisadi üstünlüklərdən yararlanmaqla Orta Asiya çıxmaq siyasətini yürüdür. Fakt odur ki, ABŞ, AB, NATO Rusiya və İranla Xəzər-Qara dəniz hövzəsində geosiyasi, geoiqtisadi və hərbi geostrateji müstəvisində qarşıdurma vəziyyətindədilər. Nə olmasından asılı olmayaraq tərəflər geomaraqlar uğrunda amansız mübarizəsini davam etdirmək fikrindədirlər.
Üçüncü "geosiyasi bloklaşma"ya Azərbaycan və əsasən Türkiyə, qismən isə Gürcüstan və Rusiya daxildir, çünki qeyd etdiyimiz kimi Azərbaycan tərəfi hər iki "geosiyasi bloklaşma" ilə məsafə saxlayır və yalnız tərəfdaşlığa və əməkdaşlığa üstünlük verir. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan yalnız Türkiyə ilə regionda hərbi-geostrateji əməkdaşlığı və müttəfiqliyi mövcuddur. Bu da sonda siyasi, iqtisadi və hərbi sahədə geniş əməkdaşlıqla nəticələnib.
Ardı var