...

Azərbaycanda 1000-ə yaxın vəzifəli şəxs cərimələnib

Cəmiyyət Materials 5 Fevral 2016 12:13 (UTC +04:00)
Ötən il inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimələr tətbiq edilib.
Azərbaycanda 1000-ə yaxın vəzifəli şəxs cərimələnib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimələr tətbiq edilib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda həmin məktub və qərarlarda qeyd olunan suallar yoxlanılmış və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1483,53 min manatının, o cümlədən əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib.

2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları"na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradanqaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədiilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, "Aztelekom", "Azintelekom" və "Azərpoçt" məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması və "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti