...

İspaniyalı gimnastlar Bakıda yarışlarda iştirak etməkdən şaddırlar (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 19:09 (UTC +04:00)
İspaniyalı idmançılar Bakıda yarışlarda iştirak etdiklərinə görə çox şaddırlar.
İspaniyalı gimnastlar Bakıda yarışlarda iştirak etməkdən şaddırlar (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

İspaniyalı idmançılar Bakıda yarışlarda iştirak etdiklərinə görə çox şaddırlar. Bunu Trend-ə İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis Diez deyib.

Onun sözlərinə görə, Bakıda idman yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb: "Ötən il Avropa Oyunlarında olmuşam. O vaxt 200-dən artıq ispaniyalı idmançı iştirak edirdi. Hər cür şərait ən yüksək səviyyədə idi və idmançılarımız Bakıda yarışlarda iştirak etdiklərinə görə çox şad idilər".

X. L. Diez qeyd edib ki, Bakıda idman gimnastikası üzrə Dünya Kuboku çox gözəl təşkil edilib: "Ötən gün açılış mərasimində idim və demək istəyirəm ki, o, çox rəngarəng idi. Xüsusilə gimnastikanın milli elementlərlə kombinasiyası heyranedici idi".

O əlavə edib ki, yarışların final günündə ispan idmançılar medallar uğrunda mübarizə aparacaqlar: "Sabah 4 finalda iştirak edəcəyik. Ümid edirəm ki, bir neçə medal qazana biləcəyik".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti