...

Sloveniyada Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Mart 2016 16:07 (UTC +04:00)
“Kunqotada Novruz. Azərbaycan-Sloveniya mədəniyyət axşamı” adlı tədbir keçirilib.
Sloveniyada Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyanadakı ofisinin təşəbbüsü və dəstəyi ilə Sloveniyanın Ştayerska regionunun Kunqota şəhərində "Kunqotada Novruz. Azərbaycan-Sloveniya mədəniyyət axşamı" adlı tədbir keçirilib.

Tədbirdə səfir Qalib İsrafilov və səfirliyin əməkdaşları, Ştayerska region administrasiyasının rəhbərliyi, Kunqotanın və Avstriya ilə sərhəd olan Şpilfeld şəhərinin merləri, Sloveniya parlamentinin üzvləri və həmçinin yerli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə qədim Azərbaycan yurdunun tarixinə və zəngin mədəniyyətinə aid rəngarəng fotoekpozisiyalar təqdim edilib.

Tədbirin açılış mərasimində səfir Qalib İsrafilov, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Kunqota şəhərinin meri İqor Stropnik, Sloveniya parlamentinin üzvü Rudi Matyaşiç və digərləri çıxışlar ediblər.

Qalib İsrafilov çıxışında qonaqlara Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, xüsusilə də xalqımızın əsrlərdən bəri süzülüb gələn Novruz bayramı haqqında ətraflı məlumat verib, son illər ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlardan danışıb.

Azər Xudiyev Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edib. Bildirib ki, gündən-günə artan iqtisadi qüdrəti sayəsində Azərbaycan müasir, Qərb ilə Şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq məkanına çevrilib.

Tədbirdə Sloveniyanın bir sıra mədəniyyət və incəsənət xadimləri çıxış edərək son illər ölkələrimiz arasında inkişaf edən dostluq və qardaşlıq əlaqələrindən söz açıblar.

Bayram mərasimi konsert proqramı ilə davam etdirilib. Konsertdə Sloveniya milli folklorunun nümunələri, azərbaycanlı musiqiçilər Jalə Rəsulovanın və Təhminə Abdullayevanın ifasında Arif Məlikovun, Vasif Adıgözəlovun, Fikrət Əmirovun, Cövdət Haciyevin, Qara Qarayevin əsərləri və "Sarı gəlin" xalq mahnısı ifa olunub.

Mərasimin sonunda Azərbaycan və Sloveniya milli mətbəxinin ləziz təamlarının təqdim edildiyi ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti