...

AVCİYA Dövlət İdarəçilik Akademiyasında görüş keçirib

Cəmiyyət Materials 13 Aprel 2016 15:44 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.
AVCİYA Dövlət İdarəçilik Akademiyasında görüş keçirib

Bakı. Samir Əli - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə çıxış edən AVCİYA-nın rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib ki, layihə çərçivəsində artıq 100 min imza toplanıb: "Bu bizi çox sevindirir. Biz hədəf kimi 100 min imza istəyirdik. Amma son bir neçə gündə artıq bu qədər imza yığıldı. İmzatoplama kampaniyası hələ mayın 6-dək davam edəcək. İnanıram ki, həmin tarixə qədər layihə çərçivəsində daha bir neçə yüz min imza toplanacaq. Bu bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram. Bu səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər".

E.Süleymanov aprelin 2-dən 5-dək cəbhə xəttində baş verən hadisələr barədə də danışıb. O, qeyd edib ki. Ermənistan silahlı birləşmələrinin təxribatına Azərbaycan Silahlı Qüvvələri lazımi cavab verdi: "Azərbaycan Silahlı Qüvvələri bir daha sübut etdi ki, biz öz torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə qadirik, lakin Azərbaycan sülh istəyir. Azərbaycan bu istiqamətdə hərbi və siyasi mübarizə aparır, nəticə də yüksək səviyyədədir. Amma biz virtual mübarizəmizi də davam etdirməliyik ki, ermənilərin, Ermənistan hakimiyyətinin işğalçı olmasını ifşa edək, bunu bütün dünyaya sübut edək".

Tədbirdə çıxış edən AVCİYA əməkdaşı İradə Yaqubova isə bildirib ki, petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır. Səsvermədə iştirak edənlər AVCİYA-nın ABŞ Prezidentinə etdiyi müraciətə qoşulur, Azərbaycanın haqq səsini dəstəkləyir.

Müraciətə qoşulanlar Obama administrasiyasını AŞ PA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti