...

AVCİYA: "Ermənistan hakimiyyətinin işğalçı olduğunu dünyaya sübut etməliyik"

Cəmiyyət Materials 15 Aprel 2016 17:11 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirib.
AVCİYA: "Ermənistan hakimiyyətinin işğalçı olduğunu dünyaya sübut etməliyik"

Bakı. Samir Əli - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov son günlər cəbhə bölgəsində baş verən hadisələrdən danışıb. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal altında saxladığını deyən rektor bildirib ki, son olaylar ermənilərin növbəti terrorudur: "Aprelin 1-dən 2-nə keçən gecə erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan ərazilərindən cəbhə boyu kəndlərimizi ağır artilleriyalardan atəşə tutmağa başladı. Azərbaycan Silahlı Qüvvələri düşmənə lazımi cavab verdi və ermənilər çoxlu sayda itki verməklə geri çəkilməyə başladı. Ermənilər ərazilərimizi işğal altında saxladığı halda Azərbaycanla bağlı yalan məlumatlar yaymaqda davam edir və atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edirlər. Cəbhədə baş verən hadisələrlə bağlı bir çox beynəlxalq təşkilatlar və 40-a yaxın dövlət bu münaqişə ilə bağlı bəyanatlar yayıb və problemin sülh yolu ilə həllinin mümkünlüyünü bildirib".

Y.Məmmədov bildirib ki, hazırda informasiya müharibəsi gedir və Azərbaycan bu müharibədə də qalib gəlməlidir.

Tədbirdə çıxış edən AVCİYA rəhbəri, millət vəkili Elxan Süleymanov isə bildirib ki, cəbhədə baş verən son hadisələrdə Azərbaycan Silahlı Qüvvələri bir daha sübut etdi ki, biz öz torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə qadirik, lakin Azərbaycan sülh istəyir: "Azərbaycan bu istiqamətdə hərbi və siyasi mübarizə aparır, nəticə də yüksək səviyyədədir. Amma biz virtual mübarizəmizi də davam etdirməliyik ki, ermənilərin, Ermənistan hakimiyyətinin işğalçı olduğunu ifşa edək, bunu bütün dünyaya sübut edək".

Tədbirdə bildirilib ki, petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır. Səsvermədə iştirak edənlər AVCİYA-nın ABŞ Prezidentinə etdiyi müraciətə qoşulur, Azərbaycanın haqq səsini dəstəkləyirlər.

Müraciətə qoşulanlar Obama administrasiyasını AŞ PA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar. Layihə çərçivəsində səsvermə may ayının 6-dək davam edəcək. Hazırda kompaniya çərçivəsində 100 mindən artıq imza toplanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti