...

İş yerinə dair elektron arayış əldə edənlərin sayı artıb

Cəmiyyət Materials 12 May 2016 15:33 (UTC +04:00)
Təkcə son ay ərzində əhali həmin e-xidmətdən 13 739 dəfə faydalanıb.
İş yerinə dair elektron arayış əldə edənlərin sayı artıb

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət" portalı üzərindən təqdim etdiyi "İş yerinə dair arayış" elektron xidməti vətəndaşlara işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət olunmadan, bundan ötrü vaxt və əziyyət sərf etmədən iş yerinə dair arayış əldə etməyə imkan verir. Bu səbəbdən həmin e-xidmət ölkəmizdə mövcud olan e-arayış sistemində xüsusi aktuallığı ilə seçilir və təkcə son ay ərzində əhali həmin e-xidmətdən 13 739 dəfə faydalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "İş yerinə dair arayış" e-xidmətindən istifadə etmək istəyən şəxslər bunun üçün "Elektron Hökumət" portalında autenfikasiyadan keçərək müvafiq e-xidməti seçirlər. Bundan sonra portal tərəfindən avtomatik olaraq iş yerinə dair formalaşdırılmış arayışı aidiyyəti quruma həm elektron şəkildə göndərə, həm də çap edərək kağız şəklində təqdim etmək olar. Həmin e-arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır.

İş yeri barədə arayışların təqdim edildiyi təşkilatlar da məhz "İş yerinə dair arayış" elektron xidməti vasitəsilə verilən arayışlara daha çox üstünlük verirlər. Çünki onlar həmin e-arayışlarda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, arayışlarda əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq imkanına malik olurlar.

"İş yerinə dair arayış" e-xidməti 2014-cü ilin dekabr ayında əhalinin istifadəsindədir və əhalinin marağının getdikcə artmaqda olduğu həmin e-xidmətdən istifadə sayı cari ilin 1 may tarixinədək 282 548-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti