...

Deloitte Azərbaycan yerli universitetlərin tələbə və müəllimləri üçün təlimlər keçirib (FOTO)

Cəmiyyət Materials 17 May 2016 14:14 (UTC +04:00)

Bakı. Trend:

Deloitte-in insan resursları ilə bağlı qlobal strategiyası çərçivəsində Deloitte Azərbaycan Dövlət İqtisad Universitetinin və Qafqaz Universitetinin tələbələri üçün excel proqramında işləmək, keyfiyyətli PowerPoint təqdimatı hazırlamaq, effektiv CV hazırlamaq və peşəkar müsahibə aparmaq ilə bağlı təlim sessiyaları keçirmişdir.

Təlim sessiyalarının məqsədi müsahibə prosesi üçün potensial namizədlərin hazırlanmasına dəstək göstərmək idi. Təlimçilər öz təcrübələrindən əldə etdikləri bilikləri paylaşdılar, eləcə də praktiki bacarıqlar və əlaqədar mövzular ilə bağlı müəyyən məlumat verdilər. Tələbələr, həmçinin, mövcud CV-lərini təkmilləşdirmək və işəqəbul prosesində iştirak edən tərəflərdən birbaşa olaraq suallarına cavab almaq imkanı əldə etdilər. Təlimin ikinci hissəsi peşəkar təqdimat üçün tövsiyələrə və PowerPoint proqramı üzrə texniki bacarıqlara həsr olundu. Deloitte Azərbaycan-da Baş Məsləhətçi vəzifəsində çalışan Kənan Salayev ilə birgə təlim iştirakçıları öz təqdimatlarını hazırlamaq üçün qazandıqları bacarıqları tətbiq etməyə çalışdılar. Qrup müzakirələri və interaktiv yanaşma tələbələrin bu fəaliyyətdə iştirakını təmin etdi.

Deloitte Azərbaycan-da Audit üzrə Mütəxəssis vəzifəsində çalışan Abbas Abbasov excel proqramı ilə bağlı müəyyən vacib məlumatlar verdi, həmçinin, texniki bacarıqların əsas və əlavə excel funksiyalarına tətbiq edilmə qaydalarını izah etdi, müvafiq alətləri əyani şəkildə göstərdi. Təlim sessiyalarının sonunda Deloitte təlim iştirakçılarına sertifikatlar təqdim etdi.

Digər seminar İqtisad Universitetinin müəllimləri üçün keçirildi və burada Deloitte Azərbaycan Excel və PowerPoint proqramları ilə bağlı təlim sessiyaları təşkil etdi. Təlimdə universitetin müxtəlif kafedralarından müntəzəm olaraq Excel proqramında işləyən müəllimlər və təlimçilər iştirak etdilər. Baş Məsləhətçi Kənan Salayev PowerPoint proqramı ilə bağlı biliklərini və texniki bacarıqlarını paylaşdı. Deloitte Azərbaycan-da Audit üzrə Baş Mütəxəssis vəzifəsində çalışan İbrahim Fərəcli akademik heyətə excel proqramında işləmək texnikalarına dair ətraflı məlumatlar verdi. Təlim iştirakçıları öz kompüterlərində çalışaraq və böyük maraq göstərərək yeni bacarıqları tətbiq etdilər. Bütün tələbə və müəllimlərə sertifikatlar təqdim edildi.

Deloitte-in insan resursları ilə bağlı qlobal strategiyasının əsasını bütün səviyyələr üzrə həvəsləndirməyi bacaran və dünyada tanınan liderlər yetişdirməkdir. Bu hədəfə çatmaq üçün Deloitte şəbəkəsi inkluziv, dünya səviyyəli təlim təcrübəsinin təşkili və reallaşdırılması üçün əhəmiyyətli investisiyalar ayırmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti