...

Son günlər sürüşmə sahələrinin fəallaşmasının SƏBƏBİ

Cəmiyyət Materials 9 İyun 2016 21:44 (UTC +04:00)
Bu özünü, xüsusən klassik sürüşmə rayonları olan Böyük Qafqazın cənub-şərq yamacında və digər ərazilərdə göstərir.
Son günlər sürüşmə sahələrinin fəallaşmasının SƏBƏBİ

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanda sürüşmə sahələrinin belə fəallaşması məhz ilin həddindən artıq rütubətli keçməsinin nəticəsidir".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bildirib.

Onun sözlərinə görə, əgər havalar belə rütubətli keçməkdə davam edərsə, digər zonalarda, yəni Böyük Qafqazın cənub yamacında - Şəki-Zaqatala zonasında, həmçinin Goranboy, Daşkəsən rayonlarında, Lənkəran-Astara zonasındakı Yardımlı çökəkliyi və onun ətraf sahələrində, Quba-Qusar rayonlarında hazırda fəal olan sürüşmə sahələrinin daha da fəallaşaçağını gözləmək olar.

Hazırda Bakı da daxil olmaqla, sürüşmə zonalarında fəallığın müşahidə edildiyini nəzərə çatdıran E.Əlizadə deyib ki, yaz aylarının və yayın əvvəllərinin ölkə ərazisində rütubətli keçməsi ilə əlaqədar olaraq, respublikadakı sürüşmə təhlükəsi olan ərazilərdə çox böyük fəallıq müşahidə olunur: "Bunun təbii amil olmasına baxmayaraq, ilin bu dövrü üçün xarakterik olmayan rütubətliliyin çox olması sürüşmələrin aktivləşməsinə səbəb olur. Bu özünü, xüsusən klassik sürüşmə rayonları olan Böyük Qafqazın cənub-şərq yamacında və digər ərazilərdə göstərir".

ETSN: Qubada torpaq sürüşməsi dayanıb, heç bir təhlükə yoxdur (FOTO)

ETSN: Qubada torpaq sürüşməsi dayanıb, heç bir təhlükə yoxdur (FOTO)

E.Əlizadə qeyd edib ki, bu proseslər İsmayıllı, Şamaxı, Xızı, Şabran rayonları ərazisində özünü daha fəal göstərir: "Bu günlərdə həm Bakı-Şamaxı-Ağsu, həm də Şamaxı-Muğanlı-İsmayıllı yollarında baş verən sürüşmə bunun nəticəsidir. Son günlərdə müşahidə edilən çox aktiv sürüşmə - İsmayıllı rayonunun Basqal-Sulut yolu və onun ətrafında, Ağçay dərəsi və ona yaxın ərazilərdəki sürüşmə sahələri də bu klassik sürüşmə rayonlarına aiddir. Ümumiyyətlə, həm Sulut, həm də Basqal ətrafında olan ərazi fəal sürüşmə zonasıdır. Orada bu hadisənin baş verməsi təbii haldır. Amma çoxdandır ki, orada belə fəal sürüşmə müşahidə edilmirdi. Havaların həddindən artıq rütubətli keçməsi orada "yatmış" süxurların hərəkətə gəlməsinə səbəb olub. Nəticədə hətta kəndin yolu belə bağlanıb".

E.Əlizadənin sözlərinə görə, bu proseslərin eynilə Şamaxı yolunda, Ağsu aşırımı zonasında, Xızı, Şabran rayonlarında, Kiçik Qafqazda - Gədəbəy, Şəmkir, Daşkəsən rayonlarında və Lənkəran-Astara zonasında baş verməsinin səbəbi məhz ilin həddindən artıq rütubətli keçməsinin nəticəsidir.

O qeyd edib ki, hazırda Azərbaycanda 10 minlərlə insanın yaşadığı 350-yə yaxın yaşayış məntəqəsi sürüşmə və potensial sürüşmə təhlükəsi olan zonada yerləşir. İnstitut rəsmisi həmin zonaların sadalanan ərazilər olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti